Advert
Advert

40 ildir axan su qaraciyər xəstəliklərinə şəfa sayılır

Tarix:
40 ildir axan su qaraciyər xəstəliklərinə şəfa sayılır
Reklam

Monqolustanın Qobi səhrasında yerləşən Dornoqov aymağının Altanşir somonundakı Sain-Us bölgəsində yeraltı mənbələrdən 40 ildən artıqdır ki, fasiləsiz şəkildə su fəvvarə vurur. Bu ərazi ölkənin ən məşhur bulaqlarından birinin yerləşdiyi məkan kimi tanınır.

Reyting.az-ın məlumatına görə, “MONTSAME” agentliyi yazır ki, ərazi ilk dəfə monqol geoloqları tərəfindən araşdırılıb və aparılan qazma işlərindən sonra su sürətlə yer səthinə çıxmağa başlayıb. Hazırda bu məkan həm yerli əhalinin, həm də mal-qaranın su təminatında mühüm rol oynayır, eyni zamanda turistlər üçün etibarlı dayanacaq hesab olunur.

Bildirilir ki, zaman-zaman bu ərazilərdə gur axan su mənbələrinin sayının artması nəticəsində kiçik göllər və müxtəlif su hövzələri yaranıb. Mütəxəssislər qeyd ediblər ki, bu proseslər nəticəsində təbiət canlanıb və su quşları üçün əlverişli mühit formalaşıb.

Xatırladılır ki, əvvəllər sayı az olan durnalar və digər quşlar indi daha çox bu əraziyə toplaşırlar.

Yerli əhali bu suyun şəfalı olduğuna inanır. Qədim dövrlərdən bəri nəsildən-nəslə ötürülən rəvayətə və yerli sakinlərin inancına görə, bu fəvvarəli su qaraciyər xəstəliklərinə faydalıdır və insanlara bir nemət kimi bəxş edilib.

Qeyd edək ki, Monqolustan dövləti tərəfindən 2012-ci ildən etibarən bu ərazi xüsusi mühafizə olunan təbiət qoruğu elan olunub.

Oqtay Qorçu
 

Reklam