Hazırda 58 ilə 68 milyon barel arasında İran nefti dənizdə ilişib qalmış ola bilər və yükün 90 faizdən çoxunun dəqiq təyinat yeri yoxdur.
Reyting.az xəbər verir ki, “Bloomberg” bu barədə öz hesablamalarına və “Vortexa” analitik şirkətinin məlumatlarına istinadla bildirib.
Agentliyin məlumatına görə, ABŞ-ın İran neft əməliyyatlarına qarşı sanksiyalarını 60 gün müddətinə dayandırmasından bəri Tehran fəal şəkildə alıcı axtarır. Neftin böyük hissəsi Fars körfəzində, Hind okeanında və ya Sinqapur yaxınlığındakı Malakka boğazındadır.
22 iyunda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ABŞ-ın İran nefti və neft məhsullarının istehsalı, təchizatı və satışı üçün ümumi lisenziya verdiyini təsdiqləyən sənəd dərc edib.
İyunun 30-da İslam Respublikası Məclisinin (Parlament) sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın dəniz blokadasının tamamilə aradan qaldırılmasından bəri İran hakimiyyətinin xaricə 40 milyon bareldən çox neft ixrac edə bildiyini açıqlayıb.
V. Quliyev