Advert
Advert

75 ilin işığında: Dostluğun və ləyaqətin ünvanı - Akif Cabbarlı

Tarix:
75 ilin işığında: Dostluğun və ləyaqətin ünvanı - Akif Cabbarlı
Reklam

Yaxşı bilirəm ki, əsl dost haqqında yazmaq, onun barəsində fikir söyləmək dostluğun özü qədər məsuliyyətli, dostun özü qədər dəyərlidir.

Düzü, çox düşündüm ki, Akif Cabbarlının 75 illik yubileyi münasibətilə bu yazını məndən daha əvvəl onu tanıyan qələm dostları - Əli Şamil, İsrafil Qurbanov, Tahir Aydınoğlu, Rəhim Hüseynzadə, Asəf Məhərrəmov və digər veteran jurnalistlər, şairlər, yazıçılar qələmə alsınlar. Sonra fikirləşdim ki, mən də Akif müəllimi az tanımıram.

Dostluğumuzun tarixi artıq qırx ilə yaxındır. Hələ gənclik illərimizdən ailələrimiz bir-birini tanıyırdı. Atası İsmayıl əmi, anası Əsbət xala, əmisi Ələsgər müəllim, mənim atam Ağaxan və anam Dilşad xanımın sağlığından bəri aramızda səmimi münasibətlər mövcuddur.

Ustad şair Gəray Fəzlinin xeyir-duası ilə jurnalistikaya və ədəbiyyata gələn dostumun ömrünün bu müdriklik çağında ona ürək sözlərimi çatdırmaq istəyirəm.

Dilimizdə ən gözəl ifadələrdən biri "yaxşı adam" sözüdür. Akif müəllim məhz o yaxşı insanlardandır ki, mayası halallıqla yoğrulub. O, neçə-neçə gənc jurnalistin formalaşmasında, peşəkar redaktor kimi yetişməsində mühüm rol oynayıb. Rəhbərlik etdiyi şöbə və redaksiyalarda gənclərə hər zaman xüsusi diqqət göstərib, onların işlə təmin olunmasına, peşəkar kimi yetişməsinə dəstək verib.

Akif müəllimlə məni bir-birimizə bağlayan əsas cəhətlərdən biri də xarakterlərimizin oxşarlığıdır. Elə buna görə də istər eyni redaksiyada, istərsə də müxtəlif kollektivlərdə çalışdığımız dövrlərdə dostluğumuz heç vaxt qırılmayıb.

Dost çevrəmiz də, demək olar ki, ortaq olub. Rəhmətlik Əlipənah Bayramov, Heydər Zeynaloğlu, Yusif Misiroğlu, Hidayət Elvüsal, Tahir Abbaslı, eləcə də bu gün dostluğunu davam etdirdiyimiz Hamlet İsmayılov, Nəriman Cavadov və Abid Tahirli hər ikimizin yaxın dostlarıdır. Xarakterlərimiz kimi, dostlarımız da eyni dəyərləri bölüşən insanlardır.

Ömrünün 75-ci ilini alnıaçıq, üzüağ, ləyaqətlə qarşılayan, hər kəsin hörmət bəslədiyi bu insan - publisist, yazıçı və jurnalist Akif Cabbarlıdır.

Şahdağın vüqarını, Türyançayın coşqunluğunu özü ilə paytaxta gətirən Akif İsmayıloğlunu Azərbaycan mətbuat cameəsində tanımayan, demək olar ki, yoxdur. O, illər əvvəl yaşadığı kövrək xatirələri böyük ustalıqla hekayələrə çevirərək oxucularına təqdim etməyi bacarıb. Akif Cabbarlı altı bədii-publisistik kitabın və bir neçə televiziya filminin ssenari müəllifidir.

150 illik Azərbaycan milli mətbuatının ağsaqqallarından biri olan Akif müəllim yarım əsrdən artıq televiziya, radio və qəzetlərdə çalışaraq böyük nüfuz qazanıb, müxtəlif mükafat və təltiflərə layiq görülüb. Bu gün də jurnalistika fəaliyyətini eyni həvəs və məsuliyyətlə davam etdirir.

Dilimizin keşiyində ayıq-sayıq dayanan, təvazökar insan, etibarlı dost, istedadlı qələm sahibi, Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru, yazıçı-publisist Akif Cabbarlının bu gün 75 yaşı tamam olur.

Akif Cabbarlı ədəbi yaradıcılığa 1968-ci ildə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin birinci kurs tələbəsi olarkən başlayıb. Bu gün də bədii yaradıcılığını uğurla davam etdirir.

Onun qələmə aldığı hekayələr və publisistik yazılar ölkənin müxtəlif qəzet və informasiya portallarında müntəzəm dərc olunur, oxucular tərəfindən maraq və rəğbətlə qarşılanır.

Əziz dostum Akif Cabbarlı!

Bu əlamətdar gündə sənə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram. Arzum budur ki, indiyədək necə ləyaqətlə, halallıqla, inamla yaşamısansa, bundan sonra da həmin əzmlə və qətiyyətlə yoluna davam edəsən.

Bir sözlə, özün kimi qal, əziz dostum! Necə varsan, eləcə də qal - alnıaçıq, üzüağ, ləyaqətli insan kimi.

Akif Cabbarlı bu günədək "Əməkdar jurnalist" fəxri adına layiq görülməsə də, onu tanıyanların qəlbində çoxdan "Əməkdar dost" adını qazanıb. Bu isə bəzən ən yüksək rəsmi mükafatdan daha dəyərlidir.

Mübariz Süleymanlı,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Reklam