ABŞ Hərbi Hava Qüvvələri İrana qarşı hərbi əməliyyatlar zamanı istifadə olunan bütün “B-52H Stratofortress” strateji bombardmançı təyyarələrini Böyük Britaniyadakı Fairford Hərbi Hava Qüvvələri bazasından çıxarıb.
Reyting.az xəbər verir ki, “The War Zone” nəşrinin məlumatına görə, üç təyyarədən ibarət son iki qrup ötən gün ABŞ-ın kontinental hissəsində yerləşən daimi bazalarına yola düşüb.
Qeyd olunur ki, Fairford bazasında ABŞ-a məxsus 11 ədəd “B-1B Lancer” strateji bombardmançı təyyarəsi qalmaqda davam edir.
ABŞ-ın Böyük Britaniyada yerləşdirdiyi ağır bombardmançı təyyarələrin sayının azaldılması prosesi Vaşinqton və Tehran arasında anlaşma memorandumunun imzalanmasından sonra başlayıb.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı zamanı Fairford bazasında 15 “B-1B Lancer” və 8 “B-52H Stratofortress” strateji bombardmançı təyyarəsi yerləşdirilmişdi. Bu təyyarələrdən İranın mühüm hərbi obyektlərinə, xüsusilə ballistik raket və pilotsuz uçuş aparatlarının yerləşdirilməsi, saxlanılması və istehsalı ilə bağlı infrastrukturun vurulması üçün istifadə edildiyi bildirilir.
Bundan əlavə, bir gün əvvəl ABŞ-ın İrana qarşı əməliyyatları çərçivəsində İordaniyada beş aylıq dislokasiyasını başa vuran 15 “F-15E Strike Eagle” qırıcısı da Böyük Britaniyadakı Leykenhit Hərbi Hava Qüvvələri bazasına qayıdıb.
Y. Qacar