Advert
Advert

ABŞ-da 100-dən çox hüquqşünas İrana hücumları pisləyir

Tarix:
ABŞ-da 100-dən çox hüquqşünas İrana hücumları pisləyir
Reklam

ABŞ-da fəaliyyət göstərən beynəlxalq hüquq üzrə 100-dən çox mütəxəssis ABŞ və İsrailin İrana hərbi hücumlarını Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması və potensial olaraq “müharibə cinayətləri” kimi qiymətləndirən açıq məktub imzalayıb.

Reyting.az-ın məlumatına görə, məktubda qeyd edilir ki, ABŞ qüvvələrinin davranışı və yüksək vəzifəli ABŞ rəsmilərinin açıqlamaları beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüququn pozulması ilə bağlı ciddi narahatlıq doğurur.

Alimlər bildiriblər ki, 28 fevralda başlayan ABŞ-İsrail kampaniyasına BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan və İran tərəfindən yaxınlaşan təhdidə dair etibarlı sübutlar təqdim edilmədən start verilib:

“Başqa bir dövlətə qarşı güc tətbiqinə yalnız faktiki və ya qaçılmaz silahlı hücuma qarşı özünümüdafiə məqsədilə və ya BMT Təhlükəsizlik Şurasının icazəsi ilə yol verilə bilər. Təhlükəsizlik Şurası belə bir icazə verməyib. İran İsrailə və ya ABŞ-a hücum etməyib”.

Müraciət müəlliflərinin narahatlıqları dörd əsas sahəni əhatə edir:

- müharibəyə başlama qərarının qanuniliyi;

- hərbi əməliyyatların aparılması;

- yüksək vəzifəli şəxslərin təhdidedici ritorikası;

- ABŞ-ın müdafiə naziri Pit Heqsetin “əlcəkləri çıxarmaq” yanaşması çərçivəsində ölkə daxilində mülki müdafiə strukturlarının zəiflədilməsi.

Mütəxəssislər müharibənin ilk günündə İranın Minab şəhərində ibtidai məktəbə edilən hücumu xüsusilə vurğulayıblar. Bildirilib ki, həmin hücum nəticəsində əksəriyyəti uşaq olmaqla, ən azı 175 nəfər həlak olub. Bundan əlavə, xəstəxanalara, su təchizatı obyektlərinə və enerji infrastrukturuna zərbələr də qeyd olunub.

Məktubda məktəblərə, səhiyyə müəssisələrinə və yaşayış evlərinə edilən hücumlardan ciddi narahatlıq ifadə edilir.

Müraciətdə ABŞ lideri Donald Tramp da daxil olmaqla, yüksək vəzifəli rəsmilərin açıqlamaları da tənqid olunub. Xüsusilə, Trampın mart ayının ortalarında ABŞ-ın “sadəcə əyləncə üçün” İrana zərbələr endirə biləcəyi barədə fikrinə diqqət çəkilib. Həmçinin Pentaqon rəhbəri Pit Heqsetin ABŞ-ın “axmaq döyüş qaydaları” ilə mübarizə aparmadığını bildirdiyi açıqlamalarına istinad olunub.

Məktubda deyilir: “Yüksək vəzifəli şəxslərin açıqlamaları dövlətlər tərəfindən qəbul edilmiş və həm mülki şəxsləri, həm də silahlı qüvvələrin üzvlərini qoruyan beynəlxalq humanitar hüquq normalarına qarşı həyəcanverici hörmətsizliyi nümayiş etdirir”.

Sənəddə həmçinin qeyd olunur ki, müharibə ABŞ vergiödəyicilərinə gündə təxminən 2 milyard dollara başa gəlir.

Ekspertlər bildiriblər ki, ABŞ ilə əlaqələrinə görə əsas diqqət həmin hökumətin davranışına yönəldilsə də, onlar regionda zorakılıq riskinin artması ilə bağlı narahatlıqlarını davam etdirirlər.

Onlar “beynəlxalq hüququn hamıya, o cümlədən özünü qlobal lider kimi təqdim edən ölkələrə bərabər tətbiqinin vacibliyini” vurğulayaraq, bu müharibənin beynəlxalq hüquq sisteminə vurduğu zərərdən narahat olduqlarını bildiriblər.

İmza sahibləri Vaşinqtonu siyasətini dəyişməyə çağırırlar:

“Biz ABŞ hökumət rəsmilərini BMT Nizamnaməsinə, beynəlxalq humanitar hüquqa və insan hüquqları normalarına daim riayət etməyə, eləcə də ölkənin beynəlxalq hüquqa sadiqliyini açıq şəkildə bəyan etməyə çağırırıq”.

Y. Qacar

Reklam