ABŞ və İran arasında Pakistanda keçirilən sülh danışıqları razılaşma əldə olunmadan başa çatdıqdan sonra prezident Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını blokadaya ala biləcəyini deyib.
Reyting.az xəbər verir ki, “The New York Times” nəşri ABŞ-ın bu boğazı necə bağlaya və bunun hansı maneələr yarada biləcəyini araşdırıb.
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Amerika qüvvələri boğazdan keçən və İrandan kənar limanlara yönələn gəmilərin naviqasiya azadlığına mane olmayacaq.
ABŞ Hərbi Dəniz Qüvvələri Kollecinin beynəlxalq dəniz hüququ üzrə professoru, eyni zamanda Harvard Hüquq Məktəbinin əməkdaşı Ceyms Kraska deyib ki, müharibə tərəfləri “ziyarət və axtarış” hüququndan istifadə edə bilərlər. Yəni onlar müəyyən hallarda gəmiləri saxlaya, yoxlaya və keçidə icazə verilib-verilməyəcəyini müəyyən edə bilərlər.
Professorun sözlərinə görə, ABŞ-ın Hörmüz boğazını blokadaya alması o deməkdir ki, bu su yolundan keçmək istəyən hər bir gəmi yoxlanışa cəlb olunacaq və onun hərəkətinə icazə verilib-verilməməsi ABŞ qüvvələri tərəfindən müəyyən ediləcək.
Kraska əlavə edib ki, belə bir blokada İrana iqtisadi zərbə vura və onun müharibə aparmaq qabiliyyətini zəiflədə bilər. Bu isə Çin kimi İran neftindən asılı olan ölkələri də çətin vəziyyətlə üzləşdirər.
ABŞ-ın İran limanlarını blokadaya alması ehtimalı o deməkdir ki, müharibə şəraitində Hörmüz boğazından keçə bilən İran gəmiləri artıq bu imkandan məhrum ola, digər gəmilər isə alternativ marşrutlardan istifadə etməyə məcbur qala bilər.
Lakin İran rəsmiləri narahat görünmürlər. İran parlamentinin sədri və baş müzakirəçi Məhəmməd Bağır Qalibaf sosial mediada yazıb:
“Hazırkı benzin qiymətlərindən həzz alın. Sözdə “blokada” ilə tezliklə 4-5 dollarlıq benzin üçün nostalji hiss edəcəksiniz”.
Adətən, Hörmüz boğazından hər gün təxminən 150 gəmi keçir. “S&P Global Market Intelligence”in məlumatına görə isə mart ayı ərzində bu su yolundan ümumilikdə 150-dən bir qədər çox gəmi keçib.
Nəşr qeyd edir ki, ABŞ-ın İrana gedən və İrandan çıxan gəmilərə tətbiq edə biləcəyi blokada Fars körfəzindən neft daşıyan marşrutlara təsir göstərə bilər. Bu isə qiymətlərin dəyişməsinə səbəb ola bilər, lakin bunun nə qədər tez baş verəcəyi hələ məlum deyil.
Mərkəzi Komandanlıq Hörmüz boğazından İrandan kənar limanlara hərəkət edən gəmilərin naviqasiya azadlığına mane olmayacağını açıqladıqdan sonra, gəmi izləmə mütəxəssisləri belə bir blokadanın effektivliyinə şübhə ilə yanaşıblar. Onlar qeyd edirlər ki, bəzi gəmilər aşkarlanmamaq üçün bayraqlarını dəyişdirmək kimi müxtəlif üsullardan istifadə edə bilərlər.
V. Quliyev