Kuba hökuməti elektrik kəsintiləri səbəbindən ABŞ-ın 100 milyon dollarlıq yardım təklifini nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.
Reyting.az-ın məlumatına görə, Kubanın xarici işlər naziri cümə axşamı bildirib ki, Havana “təklifin detalları və onun necə həyata keçiriləcəyini dinləməyə hazırdır”.
Qeyd edək ki, ABŞ-ın neft sektoruna tətbiq etdiyi sanksiyalar Kubanın dizel və digər vacib yanacaq məhsullarına çıxışını çətinləşdirib. Nəticədə xəstəxanaların fəaliyyəti pozulub, məktəblər və dövlət qurumları fəaliyyətini məhdudlaşdırmağa məcbur qalıb. Ölkə iqtisadiyyatının əsas sahələrindən biri olan turizm sektoru da ciddi zərər görüb.
Kuba uzun illər neft və yanacaq tədarükündə əsasən Venesuela və Meksikadan asılı olub. Lakin ABŞ Prezidenti Donald Tramp Kubaya yanacaq göndərən ölkələrə tariflər tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etdikdən sonra hər iki ölkə tədarükü əhəmiyyətli dərəcədə azaldıb.
ABŞ Dövlət Departamenti isə çərşənbə günü “Kuba xalqına humanitar yardım göstərmək” təklifini yenidən gündəmə gətirdiyini açıqlayıb.
Xatırladaq ki, ötən həftə ABŞ dövlət katibi Marko Rubio Havananın ABŞ tərəfindən təklif olunan 100 milyon dollarlıq humanitar yardımı rədd etdiyini bildirmişdi.
R. Rəcəbov