Advert
Advert

ABŞ-İran danışıqları: bundan sonra nə baş verəcək?

Tarix:
ABŞ-İran danışıqları: bundan sonra nə baş verəcək?
Reklam

İranla ABŞ arasında 47 illik düşmənçiliyə son qoymaq üçün 21 saat kifayət etmədi. Həftələrlə davam edən ağır müharibəyə verilən fasilə zamanı İslamabadda keçirilən yüksək səviyyəli danışıqların fərqli nəticə ilə başa çatacağı ehtimalı az idi. Bu marafon danışıqlar sessiyasını uğursuz adlandırmaq isə İranın nüvə proqramı ilə bağlı davam edən şübhələrdən tutmuş, müharibənin yaratdığı yeni çətinliklərə - ən əsası isə bağlanması qlobal iqtisadi sarsıntılara səbəb ola biləcək strateji Hörmüz boğazına İranın nəzarəti məsələsinədək - mürəkkəb problemlər arasındakı dərin uçurumu nəzərə almamaq demək olardı.

Reyting.az xəbər verir ki, tərəflər razılığa gəlmək üçün ciddi etimadsızlıq baryerini aşmalı idilər. Hətta bir gün əvvəl tərəflərin görüşəcəyi, eyni masa arxasında oturacağı belə dəqiq deyildi.

ABŞ prezidenti Donald Trampın İranda “bütün sivilizasiyanı məhv etmək” kimi sərt bəyanatından sonra əldə olunan və mübahisələr doğuran iki həftəlik atəşkəsin taleyi isə hələ də sual altındadır. Görəsən, Tramp danışıqları davam etdirmək üçün nümayəndələrini yenidən masa arxasına qaytarmağa hazırdırmı?

İslamabaddakı mənbələrin məlumatına görə, ABŞ vitse-prezidenti Vens gün doğarkən ölkəni tərk edib və ABŞ nümayəndə heyətinin “son və ən yaxşı təklif” təqdim etdiyini bildirib. Bu isə danışıqların davam etdirilə biləcəyi ehtimalını gündəmdə saxlayır.

Gecə saatlarına qədər davam edən müzakirələr zamanı beşulduzlu oteldə bağlı qapılar arxasında baş verənlərlə bağlı hələ də kifayət qədər məlumat yoxdur. Pakistanlı vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə tərəflər arasında gərgin mübahisələr, ekspertlərlə məsləhətləşmələr və Vensin sözlərinə görə, Trampla “onlarla” telefon danışığı baş tutub.

Vitse-prezident Vens qısa mətbuat konfransında ABŞ-ın əsas məqsədini belə ifadə edib:

“İranın nüvə silahı əldə etməyəcəyinə və bu istiqamətdə imkanlar axtarmayacağına dair qəti öhdəlik görməliyik”.

Xatırladaq ki, fevral ayında keçirilən əvvəlki danışıqlar mərhələsində, hərbi əməliyyatlar yenidən başlamazdan öncə İran müəyyən güzəştlər təklif etmişdi. Bunlara 440 kq həcmində uranın 60 faizə qədər zənginləşdirilməsi də daxil idi ki, bu da nüvə silahı istehsalı səviyyəsinə yaxın göstərici sayılır.

Lakin Tehran hələ də uranı zənginləşdirmək hüququnda israr edir və ötən il ABŞ və İsrailin hava zərbələrindən sonra dağıntılar altında qaldığı iddia edilən ehtiyatlardan imtina etməyə hazır deyil.

Eyni zamanda, yeni razılaşma əldə olunmadığı təqdirdə neft, qaz və digər strateji yüklərin sərbəst hərəkəti üçün Hörmüz boğazının açılması ilə bağlı tələblər də dəfələrlə rədd edilib.

Danışıqlar bazar günü başa çatdıqdan sonra tədbiri müşayiət edən plakatlar sökülüb.

Həm ABŞ, həm də İran nümayəndə heyətləri bu müharibədə özlərini qalib hesab etdikləri üçün İslamabad görüşünə kifayət qədər inamla qatılmışdılar. Bununla belə, bir çox müşahidəçi danışıqların uğursuz nəticələnəcəyini əvvəlcədən proqnozlaşdırırdı.

“Chatham House” analitik mərkəzindən doktor Sanam Vakilin sözlərinə görə, burada əsas problem “tərəflərin bir-birinin psixologiyasını məhdud şəkildə anlaması və real razılaşma üçün hansı güzəştlərin zəruri olduğunu dərk etməməsidir”.

Nəticədə Vens əvvəlcə “Məsələləri yaxşı müzakirə etdik”, - desə də, mənfi mesaj da verdi:

“Razılığa gələ bilmədik”.

O əlavə edib ki, bu vəziyyət “ABŞ-dan daha çox İran üçün mənfi nəticədir”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə “X” platformasında paylaşım edərək ABŞ-ın “həddindən artıq tələblərini və qanunsuz istəklərini” tənqid edib.

İran nümayəndə heyətinə rəhbərlik edən parlament sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, qarşı tərəf bu mərhələdə etimad qazana bilməyib.

Bununla belə, İran danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb.

Pakistanın xarici işlər naziri İshaq Dar isə tərəfləri kövrək atəşkəsə riayət etməyə çağırıb və dialoqun davam etdirilməsi üçün səylərin sürdürüləcəyini bildirib.

Qeyd edək ki, İran sonuncu dəfə 2015-ci ildə ABŞ və digər dünya gücləri ilə nüvə razılaşması əldə etmək üçün 18 ay davam edən mürəkkəb danışıqlar prosesi keçmişdi.

Tramp uzunmüddətli danışıqlarda iştirak etmək istəmədiyini dəfələrlə vurğulayıb. Vens isə daha əvvəl xəbərdarlıq etmişdi ki, Tehran “vaxt uzatmağa çalışarsa”, ABŞ buna sərt reaksiya verəcək.

Pakistanlı jurnalist Kamran Yusif isə bu mərhələni belə xarakterizə edib: 

“İrəliləyiş yoxdur, amma tam uğursuzluq da deyil”.

İndi isə dünyanın diqqəti əsasən Trampın verəcəyi növbəti qərara yönəlib.

E. Kamal
 

Reklam