ABŞ-İran danışıqları müsbət nəticə vermir və İslam Respublikasına növbəti aviazərbələrin endirilməsi ehtimalı hələ də gündəmdə qalır.
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, hazırda tərəflər arasında atəşkəs mövcuddur və növbəti danışıqlara cəhdlər göstərilir.
Onun sözlərinə görə, müharibənin yenidən başlaması da mümkündür, başlamaması da. Hazırkı vəziyyətdə müharibənin hər iki tərəfə sərf etmədiyini qeyd edən Mollazadənin qənaətincə, proseslərin gedişi həlledici olacaq:
“Ancaq İran nüvə proqramını yenidən bərpa etməyə cəhd edərsə, bombalana bilər”.
Deputatın iddiasına görə, İranın nüvə proqramı ya məhv edilib, ya da ciddi zərbəyə məruz qalıb:
“Yəni Amerika bu məsələdə müəyyən uğur əldə edib. Lakin İranda hakimiyyətin dəyişdirilməsi məsələsi baş tutmayıb və bu, çətin proses kimi görünür. Çünki ölkədə güclü müxalifət və siyasi təşkilatlar demək olar ki, qalmayıb. Xaricdə yaşayan İran müxalifət nümayəndələri isə passivdir və ölkəyə qayıtmaq niyyətləri də müşahidə olunmur”.
O, İrandakı rejimi insan hüquqları baxımından təhlükəli hesab edir:
“Bu ölkədə edamlar var, normal müxalifət demək olar ki, məhv edilib. Rejim tənqidə qarşı amansızdır. Əsas üsul işgəncə, terror və digər sərt cəzalardır. İran daxilində alternativ qüvvələr qalmayıb. Rejimin əsas tənqidçiləri və müxalifəti ölkə xaricindədir. Odur ki, İran daxilində hansısa müxalif qüvvələrin hakimiyyətə gəlməsi və ölkədə dəyişikliklərin baş verməsi hazırda real görünmür”.
Nemət Orucov
Reyting.az