İran ABŞ Prezidenti Donald Trampın “Truth Social” sosial media platformasında paylaşdığı son açıqlamalara rəsmi etiraz edərək, onları Anlaşma Memorandumunun birbaşa pozuntusu kimi qiymətləndirib.
Reyting.az xəbər verir ki, bu səbəbdən İsveçrədə keçirilən ABŞ-İran diplomatik danışıqları İran tərəfinin geri çəkilməsi nəticəsində vaxtından əvvəl başa çatıb.
Bundan sonra Livanın “Əl-Manar” qəzeti danışıqların təcili dayandırıldığını bildirərək yazıb ki, İran nümayəndə heyəti Trampın təhdid xarakterli bəyanatlarına etiraz əlaməti olaraq sammit məkanını tərk edib. Hazırda İranın danışıqlar prosesindən çıxması ilə bağlı Xarici İşlər Nazirliyinin rəsmi təsdiqi yoxdur.
Məlumata görə, İsveçrə raundu zamanı İran nümayəndə heyəti ənənəvi protokol qaydalarına uyğun əl sıxmaqdan və amerikalı həmkarları ilə birgə fotosessiyada iştirak etməkdən imtina edib. İlkin etimadsızlıq nümayişi və görüşün lentə alınmasına razılıq verilməməsi daha sonra tam demarşa çevrilib. Bu addım Trampın Livandakı proksi qüvvələrin fəaliyyətinin davam edəcəyi təqdirdə İslam Respublikasına qarşı “çox güclü zərbə” endiriləcəyi barədə bəyanatından sonra atılıb.
E. Kamal