ABŞ və İran arasında imzalanan memorandumda İsrailin İranyönlü qüvvələrə dəstəyin dayandırılması və ballistik raketlərin azaldılması ilə bağlı tələbləri yer almayıb. Bu isə razılaşmanın İsrail üçün strateji fəlakət kimi qiymətləndirilməsinə səbəb olub.
Reyting.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin şərhində qeyd olunub.
“Bunun nə qədər strateji fəlakət olduğunu şişirtmək çətindir. Müharibədən əvvəlki dövrlə müqayisədə bu gün mənzərə daha pisdir. Artıq bir vaxtlar olduğu kimi ABŞ-la bağlı vəziyyət mövcud deyil”, - deyə keçmiş İsrail rəsmisi qəzetə bildirib.
ABŞ Prezidenti Donald Trampın Tehranla əldə etdiyi müvəqqəti razılaşma İsraildə narazılıqla qarşılanıb. ABŞ-ın vitse-prezidenti Vens İsraili “reallıqla üzləşməyə” çağırıb. ABŞ-ın İsraildəki keçmiş səfiri Dan Şapiro isə Tramp və Baş nazir Benyamin Netanyahunun öz imkanlarını həddindən artıq qiymətləndirdiyini və əlverişli strateji mövqeyi itirdiklərini bildirib.
Münaqişədə itkilərə məruz qalan Tehran isə mövqeyini gücləndirdiyini hesab edir.
Qəzetin məlumatına görə, ABŞ Livanda atəşkəsin tətbiqi istiqamətində də addımlar atır ki, bu da İsraildə narazılıq doğurub. İsrailli siyasi strateq Nadav Ştrauxler bildirib ki, İranla razılaşma oktyabr seçkiləri öncəsi Netanyahunun mövqeyinə ciddi zərbə vurub.
N. Orucov