Advert
Advert

ABŞ-İran razılaşması: sənəddə nələrin yazıldığı sirr saxlanılır

Tarix:
ABŞ-İran razılaşması: sənəddə nələrin yazıldığı sirr saxlanılır
Reklam

ABŞ və İran arasında şifahi şəkildə razılaşmanın əldə edildiyi bildirilir. İyunun 19-da bununla bağlı Cenevrədə sənədin imzalanacağı gözlənilir. Mümkün razılaşma Yaxın Şərqdə gərginliyin azalması baxımından mühüm hadisə kimi qiymətləndirilir. Qeyd olunur ki, belə bir sənədin imzalanması regional sabitliyə və beynəlxalq təhlükəsizliyə də müsbət təsir göstərəcək.

Siyasi şərhçi Əli Mustafa “Reytinq” qəzetinə açıqlamasında bildirib ki, ilkin məlumata görə, bu, sülh razılaşması deyil, ilkin anlaşma memorandumudur.

Onun sözlərinə görə, bəzi xəbərlərdə memorandumun elektron şəkildə imzalandığı bildirilsə də, iyunun 19-da rəsmi imzalanma mərasimi keçiriləcək:

“Ehtimal etmək olar ki, imzalanma mərasimində ABŞ tərəfindən vitse-prezident Vens, İran tərəfindən isə parlament sədri Qalibaf və xarici işlər naziri Əraqçi iştirak edəcəklər. Eyni zamanda, nümayəndə heyətlərinin tərkibi fərqli də ola bilər”.

Əli Mustafa razılaşdırılmış sənəddə nələrin yer aldığının bilinmədiyinə də diqqət çəkib:

“İlkin məlumata görə, hətta G7 Liderlər Zirvəsi zamanı ABŞ Prezidenti Tramp İranla əldə edilən razılaşmanın detallarını bölüşməyib. İsrail də çox maraqlanır və bilmək istəyir ki, razılaşmada nələr var. Ancaq onlara da məlumat verilməyib. İmzalanma mərasiminə qədər bu barədə danışmaq istəmirlər. Tramp isə bildirib ki, “hər şey əladır, İran heç vaxt nüvə silahına malik olmayacaq”. Yəni Tramp əsas diqqəti bu məqama yönəldərək anlaşmanı mükəmməl hesab edir”.

Əli Mustafa

Siyasi şərhçi qeyd edib ki, əslində sənəddə bir neçə mühüm məqam var və buna görə də müxtəlif yanaşmalar mövcuddur:

“Hətta görünür ki, tərəflərin hərəsinin öz anlaşma modeli var. Mənim ehtimalıma görə, ABŞ və İran bir sıra məsələlərdə uzlaşa biliblər, sadəcə, bunu açıqlamaq istəmirlər. Məsələn, Hörmüz boğazı ilə bağlı razılaşmaya əsasən, 60 gün ərzində oradan keçən gəmilərdən hər hansı rüsum alınmayacaq. Lakin sonradan İranın burada xidmət haqqı əldə etmək hüququ qazanacağı bildirilir. Yəni 60 gün ərzində İran maneə yaratmır və gəmilər sərbəst hərəkət edir.

Digər tərəfdən, İranın xaricdə dondurulmuş vəsaitlərinə dair də anlaşmanın olduğu ehtimal edilir. İranda dağıdılmış müəssisələrin bərpası və ölkəyə sərmayə yatırılması məsələləri ilə bağlı da razılaşmanın əldə olunduğu iddia edilir. Hətta 300 milyard dollarlıq məbləğdən bəhs olunur. Ancaq nüvə proqramı və sanksiyalarla bağlı məsələlərin sonrakı mərhələdə müzakirə ediləcəyi bildirilir. Yəni bəzi məsələlər 30 gün, bəziləri isə 60 gün ərzində həllini tapa bilər. Nəticədə isə sülh müqaviləsinin imzalanması mümkün görünür”.

Ə. Mustafa əlavə edib ki, dünyada baş verən proseslər fonunda nəticənin sülh deyil, yenidən qarşıdurma olması ehtimalı da qalır:

“Amma sülh olsa, daha yaxşı olar”.

Siyasi şərhçi hesab edir ki, İran bu prosesdən güclənmiş şəkildə çıxdığını düşünərək region dövlətlərinə qarşı ənənəvi təhdid siyasətini davam etdirə bilər.

“Fikrimcə, dəyişən ciddi bir şey yoxdur. Ancaq İran da artıq müharibədən əvvəlki İran deyil”,- deyə Ə. Mustafa əlavə edib.

Nemət Orucov

Reyting.az
 

Reklam