Advert
Advert

ABŞ-İran razılaşması təhlükədə: İsrail Livanı bombardman edir

Tarix:
ABŞ-İran razılaşması təhlükədə: İsrail Livanı bombardman edir
Reklam

İsrail ordusu mayın 17-dən etibarən 45 gün uzadılmış atəşkəsə və ABŞ-İran razılaşmasına baxmayaraq, Livanın cənubuna hücumlarını davam etdirir.

Reyting.az Livanın rəsmi xəbər agentliyi NNA-ya istinadla bildirir ki, İsrail döyüş təyyarələri gecə ərzində Nəbatiyə şəhərini, eləcə də Kfar Coz, Kfar Tebnit, Yuxarı Nəbatiyə, Haruf, Şərqiyyə, Dveyr, Qusaybeh, Kfar Cal, Adşit, Toul və Cəbşit yaşayış məntəqələrini hədəfə alıb.

Bununla yanaşı, İsrail artilleriyası da həmin şəhər və məntəqələri atəşə tutub. İsrail təyyarələrinin Nəbatiyə şəhər mərkəzindəki Camiat məhəlləsinə, eləcə də Kfar Coz və Haruf yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində səkkiz nəfər həlak olub. Şərqiyyə və Dveyr şəhərləri arasında yerləşən Eşməyyə ərazisini hədəf alan hava hücumunda dörd nəfər ölüb. Kfarsir şəhərinə edilən hava hücumunda üç nəfər, Dveyr yaxınlığında isə İsrailə məxsus pilotsuz uçuş aparatının motosikleti vurması nəticəsində bir nəfər həyatını itirib.

İsrail ordusunun bəyanatında bildirilir ki, ölkənin döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirməyə davam edir. Bəyanatda qeyd olunub ki, gecə saatlarından etibarən həyata keçirilən hücumlarda “Hizbullah”ın infrastrukturu və üzvləri hədəfə alınıb.

Qeyd edək ki, İran və ABŞ iyunun 14-də Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində müharibənin dayandırılmasını və tərəflər arasında məsələlərin danışıqlar yolu ilə həllini nəzərdə tutan 14 maddəlik razılaşmaya nail olduqlarını elan ediblər.

Məlumata görə, anlaşma memorandumu İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən rəqəmsal şəkildə imzalandıqdan sonra iyunun 18-də qüvvəyə minib.

Razılaşmaya müharibənin (Livan da daxil olmaqla) dayandırılması, Hörmüz boğazının açılması və ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasının ləğvi kimi müddəalar daxildir. Lakin İsrailin Livana hücumları davam edir və bu fonda bu gün Cenevrədə keçirilməsi planlaşdırılan ABŞ–İran görüşü təxirə salınıb.

E. Kamal
 

Reklam