ABŞ sülh memorandumunun imzalanmasından sonra İran nümayəndə heyəti ilə ilk işgüzar görüşün keçiriləcəyini gözləsə də, Tehran yaxın günlərdə Qətərdə Vaşinqtonla hər hansı danışıqların planlaşdırılmadığını bəyan edib.
Reyting.az-ın məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ öhdəliklərinə əməl edəcəyi təqdirdə, Tehran da müqavilə üzrə öhdəliklərini yerinə yetirəcək.
"Amerika tərəfi müqaviləyə əməl edərsə, biz də öhdəliklərimizi yerinə yetirəcəyik. Təhdidlərə qarşı yanaşmamız isə qərarların rasionallıq və insan ləyaqəti əsasında qəbul edilməsi, zərurət yaranacağı halda isə qətiyyətlə özümüzü müdafiə etməyimizdir", - Pezeşkian “Press TV”-yə deyib.
Bununla yanaşı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə Qətərdə danışıqlar aparılacağı barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, İran nümayəndə heyəti bu həftə Dohaya yalnız İranın xaricdəki aktivlərinin azad olunması və memorandumun texniki müddəalarının icrası ilə bağlı məsləhətləşmələr üçün səfər edəcək. ABŞ nümayəndə heyətinin Dohada olması isə təsadüfdür və heç bir ikitərəfli görüş planlaşdırılmır.
Buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp İranın görüş təşəbbüsü ilə çıxış etdiyini və danışıqların Dohada keçiriləcəyini bildirib. Ağ Evin mətbuat katibi Kerolin Levitt isə Trampın xüsusi elçisi Stiv Uitkoffun ABŞ nümayəndə heyətinə rəhbərlik edəcəyini açıqlayıb.
Y. Qacar