ABŞ-ın vitse-prezidenti J.D. Vens İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalını istisna etməyib.
Reyting.az xəbər verir ki, Vens bu barədə Virciniya ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa etməyəcəyinə dair heç bir zəmanət verə bilməz.
"Heç nə vəd edə bilmərəm. Bu, sonda iranlıların necə davranacağından asılıdır. Əmin olduğum odur ki, prezident zərurət yaranmadıqca və dəqiq müəyyən edilmiş məqsəd olmadıqca qoşunlarımızı yenidən bölgəyə göndərməyəcək", - deyə Vens bildirib.
Vitse-prezident vurğulayıb ki, ABŞ-ın əlavə addımlar atıb-atmayacağı İranın davranışından asılı olacaq.
"Əgər onlar nüvə proqramını bərpa etmək qərarına gəlsələr və ya yenidən kommersiya gəmiçiliyini hədəfə almağa başlasalar, bu, hesablamalarımızı dəyişəcək", - deyə o qeyd edib.
Vens ABŞ və İran rəsmiləri arasında aparılan texniki məsləhətləşmələrin gedişini müsbət qiymətləndirsə də, nəticələr barədə danışmaq üçün hələ tez olduğunu bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı planları təsdiqləməyib. O, eyni zamanda Vaşinqtonla Tehran arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini qeyd edib.
Y. Qacar