ABŞ yaxın üç ay ərzində Polşaya əlavə hərbi kontingent göndərəcək.
Reyting.az xəbər verir ki, bu barədə Polşanın "Dziennik Gazeta Prawna" (DGP) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, əlavə amerikalı hərbçilərin qarşıdakı üç ay ərzində Polşaya çatması gözlənilir.
Məlumata əsasən, Polşa Prezidenti və ölkənin milli müdafiə naziri ABŞ administrasiyası ilə Polşada Amerika qoşunlarının rotasiya sistemi və daimi hərbi bazanın yaradılması məsələsini müzakirə edirlər. DGP-nin mənbəsinin sözlərinə görə, Vaşinqtonun hər iki layihənin həyata keçirilməsi ilə bağlı siyasi iradəsini və qətiyyətini nümayiş etdirəcəyi gözlənilir.
Qəzetin məlumatına görə, Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Bartoş Qrodetski bu yaxınlarda Pentaqonda keçirdiyi danışıqlardan qayıdıb.
"Amerika tərəfi dəfələrlə Polşanın ABŞ-ın nümunəvi müttəfiqi olduğunu vurğulayıb. Bu, keçirdiyim bütün görüşlərdə, o cümlədən Pentaqonun baş strateqi Elbric Kolbi ilə söhbətdə də təsdiqləndi. Nəticə etibarilə, ABŞ-Polşa əməkdaşlığının yaxın illərdə daha da inkişaf edəcəyinə inanırıq", – deyə qəzet Qrodetskinin sözlərindən sitat gətirib.
DGP-nin iddiasına görə, qeyri-rəsmi məlumatlara əsasən, Polşada ABŞ-ın daimi hərbi bazasının yaradılması ilə bağlı qərarın 6-12 ay ərzində qəbul ediləcəyi gözlənilir.
Hazırda ABŞ hərbçiləri Polşada NATO-nun “Forward Land Forces” (FLF) missiyası və “Atlantic Resolve” əməliyyatı çərçivəsində xidmət aparırlar. Ölkədə yerləşən ABŞ Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki əməkdaşlarının sayı sabit deyil və orta hesabla 10 min nəfər civarında dəyişir.
Qeyd edək ki, bu ilin yazında ABŞ-ın Texas ştatında yerləşən 1-ci Süvari Diviziyasının bir hissəsinin Polşada rotasiya əsasında yerləşdirilməsi dayandırılıb.
E. Kamal