ABŞ Rusiya nümayəndə heyətinin üzvünə 27 aprel-8 may tarixlərində Nyu-Yorkda keçiriləcək BMT İnformasiya Komitəsinin sessiyası üçün viza verməkdən imtina edib.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.
"Kommersant" qəzetinin məlumatına görə, V. Nebenzya deyib ki, viza müraciətləri vaxtında təqdim edilib.
Nebenzya BMT İnformasiya Komitəsinin 48-ci sessiyasında bildirib ki, Amerika tərəfinin bu hərəkətini (və ya əslində hərəkətsizliyini) Ev Sahibi Dövlət Sazişi üzrə öhdəliklərin kobud və sistematik şəkildə pozulması kimi qiymətləndirir.

O, BMT Katibliyini arbitraj prosedurlarına başlamaq da daxil olmaqla, "bu pis, siyasiləşdirilmiş təcrübəyə son qoymaq üçün" tədbirlər görməyə çağırıb.
Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevskinin sözlərinə görə, ABŞ daha bir rusiyalı diplomatın G20 sammitindən əvvəl Bretton Vuds institutlarının yaz görüşlərində iştirakına qadağa tətbiq edib.
Xarici İşlər Nazirliyi bildirir ki, Rusiya nümayəndə heyətinin üzvü viza alsa da, adı iştirakçılar siyahısından çıxarılıb. ABŞ isə bunu "bütün təsdiq mərhələlərinin tamamlanmaması" ilə izah edib.
E. Kamal