ABŞ və İran nümayəndə heyətləri arasında Dohada danışıqlar iyulun 1-də baş tuta bilər. Məlumata görə, danışıqlar vasitəçilər vasitəsilə dolayı yolla aparılacaq.
Reyting.az-ın məlumatına görə, "Əl-Ərəbiyyə" mənbələrinə istinadla xəbər verir ki, danışıqlarda Hörmüz boğazı və bölgədə sabitliyin təmin edilməsi müzakirə olunacaq.
Mənbələr həmçinin İranın həftənin sonuna qədər dondurulmuş aktivlərindən 3 milyard dollar alacağını bildiriblər. Bu baxımdan, həm Amerika, həm də İran nümayəndə heyətlərinin çərşənbə axşamı günü Dohada Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani və Pakistan vasitəçiləri ilə görüşü gözlənilir.
Qeyd edək ki, Qətər Xarici İşlər Nazirliyi daha əvvəl ABŞ və İran nümayəndələri arasında Dohada yüksək səviyyəli danışıqların planlaşdırılmadığını bildirmişdi.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə deyib ki, ABŞ və İran arasında yekun razılaşma üzrə danışıqların başlanması Amerika tərəfinin anlaşma memorandumunun müddəalarını yerinə yetirməsindən asılıdır. Buraya Livan da daxil olmaqla, hərbi əməliyyatların dərhal və daimi dayandırılması, eləcə də gəmilərin Hörmüz boğazından keçməsi şərtləri və İran aktivlərinin dondurulmasının ləğvi daxildir.
E. Kamal