Məşhur Hollivud aktyoru Rassel Krou “Qladiator 2” filmi ilə bağlı diqqətçəkən açıqlama verib.
Reyting.az-ın “World of Reel” nəşrinə istinadla verdiyi məlumata görə, aktyor bildirib ki, onun baş rolda çəkildiyi ilk “Qladiator” filminin uğurunun əsas səbəblərindən biri süjetdə mənəvi dəyərlərin qorunması və psixoloji məqamların tamaşaçıya ustalıqla təqdim olunması idi.
Krou deyib ki, ikinci film isə bu mənəvi dayaqları zəiflətdiyi üçün gözləntiləri doğrultmayıb.
Aktyor qeyd edib ki, bu məsələ ilə bağlı fikrini hər zaman açıq şəkildə ifadə edib və hələ də eyni mövqedə qalır.
Krounun fikrincə, “Qladiator 2”də hekayənin mənəvi yükü və əsas dəyərləri kifayət qədər qorunmadığından layihə istənilən uğuru qazana bilməyib.

Taormina Film Festivalındakı çıxışı zamanı Krou vurğulayıb ki, ona dünya şöhrəti qazandıran ilk filmin uğuru təkcə möhtəşəm döyüş səhnələri ilə bağlı deyildi. Onun fikrincə, filmin əsas qəhrəmanı Maksimusun xarakterini formalaşdıran güclü mənəvi dəyərlər də bu uğurda mühüm rol oynayıb. Aktyor hesab edir ki, ikinci hissədə məhz bu elementlər arxa plana keçirilib.
Krou əlavə edib ki, “Qladiator 2” kassada ilk filmin nəticələrinə yaxın göstəricilər əldə etsə də, son iyirmi ildə dəyişən iqtisadi şərtlər nəzərə alınanda bunu tam uğurlu nəticə saymaq çətindir.
Məşhur aktyor həmçinin bildirib ki, tanınmış rejissor Ridli Skott artıq filmin üçüncü hissəsi üzərində işləyir.
Xatırladaq ki, Rassel Krounun baş rolda çəkildiyi “Qladiator” filmi 2000-ci ildə ekranlara çıxıb. Film həmin il “Ən yaxşı film” nominasiyasında Akademiya Mükafatına (“Oskar”) layiq görülüb. Eyni zamanda, ekran əsəri milyonlarla tamaşaçının rəğbətini qazanıb və R. Krouya “Ən yaxşı aktyor” nominasiyasında “Oskar” mükafatı qazandırıb.
Oqtay Qorçu