Amerikalı və avropalı fiziklər zaman səyahətinin sirrinin açılmasına daha bir addım yaxınlaşdıqlarını bildirirlər. Bu elmi araşdırmalarda diqqət çəkən məqamlardan biri də Hollivudun istehsal etdiyi məşhur "İnterstellar" filminin süjetində yer alan bəzi ideyaların elmi baxımdan yeni nəzəri yanaşmalarla əlaqələndirilməsidir.
Reyting.az xəbər verir ki, kvant fiziklərinin yeni araşdırmasına əsasən, əvvəllər yalnız elmi fantastika kimi qiymətləndirilən, "İnterstellar" filmində təsvir olunan keçmişə məlumat ötürülməsi ideyası nəzəri baxımdan mümkün görünür.
Alimlər bildiriblər ki, onlar ümumi nisbilik nəzəriyyəsinə əsaslanan və elmdə "CTC" (qapalı zamanabənzər əyrilər) kimi tanınan modeli araşdıraraq məlumatın keçmişə göndərilməsinin riyazi əsaslarını hazırlayıblar. Yeni tədqiqatlarda zaman paradokslarının qarşısını almağa imkan verən təkmilləşdirilmiş "P-CTC" modelindən istifadə olunub.
Araşdırmalara görə, qravitasiyanın zaman ölçülərinə təsirindən istifadə etməklə müəyyən məlumatların keçmişə ötürülməsi nəzəri baxımdan mümkündür. Tədqiqatçıların fikrincə, bu konsepsiya məşhur filmdə qəhrəmanın qızına keçmişə mesaj göndərdiyi səhnəni xatırladır.
Alimlər vurğulayıblar ki, əldə olunan nəticələr hələlik yalnız nəzəri xarakter daşıyır. Onların sözlərinə görə, gələcəkdə fotonlardan istifadə etməklə kvant səviyyəsində məlumatın zaman boyunca ötürülməsini laboratoriya şəraitində sınaqdan keçirmək planlaşdırılır.
Oqtay Qorçu