Advert
Advert

Alimlər tibb sahəsində yenilik ediblər 

Tarix:
Alimlər tibb sahəsində yenilik ediblər 
Reklam

Sinqapurda yerləşən Nanyanq Texnologiya Universitetinin alimləri uzunluğu 4,4 millimetr olan miniatür cərrahiyyə robotu hazırlayıblar. Robot eyni vaxtda beş müxtəlif tibbi funksiyanı yerinə yetirməklə, onlar arasında sürətlə keçid edə bilir.

Reyting.az-ın məlumatına görə, artıq sınaqdan keçirilən bu cihaz yumşaq toxumalarda hərəkət etmək, dəqiq kəsiklər aparmaq, eyni zamanda dərmanları birbaşa hədəf nahiyəyə çatdırmaq, toxuma nümunələri toplamaq və orqanizmdə lokal istilik yaratmaq imkanına malikdir.

Silikon əsaslı materiallardan hazırlanmış bu robot xarici maqnit sahələrinin vasitəsilə idarə olunur. Cihazın ən əsas üstünlüyü yanlışlığa yol vermədən göstərilən hədəfi müəyyən edib dəqiq işləməsidir. 

Tədqiqatçılar bildiriblər ki, bu texnologiya gələcəkdə xüsusilə azinvaziv əməliyyatların daha da təhlükəsiz və effektiv aparılmasına kömək edəcək. 

Qeyd olunur ki, laboratoriya sınaqlarında robot toyuğun qaraciyərində, eyni zamanda insan toxumalarını təqlid edən modellərdə uğurla işləyib. 

Yeni robot digər bir sınaqdan da uğurla keçib. Tibbi cihaz ilk dəfə xərçəng xəstəliyi hüceyrələrinin məhv edilməsində istifadə olunacaq lokal qızdırma funksiyasını nümayiş etdirib.

Nanyanq Texnologiya Universitetinin elm adamları hazırda yeni robotun MRT və endoskopiya sistemləri ilə inteqrasiyası üzərində çalışırlar. Alimlərin sözlərinə görə, yaxın gələcəkdə bu cür müasir cihazların köməyi ilə əməliyyat risklərinin azaldılması və xəstələrin sağlamlığına qovuşması üçün bərpa müddətinin qısaldılması gözlənilir. 

Çoxfunksiyalı cərrah robotu elm aləminə böyük töhfə verəcək xüsusi yenilik kimi qiymətləndirilir. 

Oqtay Qorçu
 

Reklam