Almaniyada qeydiyyatdan keçərək uzun illərdir bu ölkədə fəaliyyət göstərən, eyni zamanda Rusiyada törəmə şirkətini yaradan "Abcr Chemie GmbH" barədə yeni ittihamlar üzə çıxıb. İddialara görə, bu şirkət Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı lazım olan bütün maddələrin Rusiya ərazisinə idxalında iştirak edib.
Reyting.az xəbər verir ki, bu barədə "The Insider" nəşrində araşdırma yazı dərc olunub.
Bildirilir ki, epibatidin adlanan bu öldürücü zəhərin sintezində istifadə oluna biləcək reagentləri Rusiya Federasiyasına gətirən əsas şirkətlər artıq müəyyən edilib. Onlardan birinin əməkdaşlarının əlaqələri yoxlanıldığı zaman məlum olub ki, menecer qrupu tez-tez "Siqnal" adlı elmi-tədqiqat mərkəzinin əməkdaşları ilə əlaqə saxlayıblar. Həmçinin qeyd olunub ki, adı hallandırılan bu mərkəz, rusiyalı siyasətçinin ölümündən əvvəl - 2020-ci ildə də Navalnının "Noviçok"la zəhərlənməsi əməliyyatında da zəhərli maddənin sahibi kimi şübhə altına düşüb.
Söhbət Rusiyada fəaliyyət göstərən "ABCR Hemi Rus" şirkətindən gedir. Lakin şirkətin baş direktoru Tatyana Danilova irəli sürülən bütün ittihamları rədd edir. Daha sonra isə ana şirkətin rəhbəri olan Yan Şurix bildirib ki, şirkətin məhsulları yalnız universitetlərə satılır.
Şurix həmçinin vurğulayıb ki, şirkətin uzun illərdir Rusiyanın ərazisində fəaliyyət göstərən törəmə filialının bağlanmasını da istisna etmir.
Nəşrin araşdırmasında qeyd edilib ki, mart ayının 17-dək bu alman şirkətinin saytında Rusiya bölməsi haqqında məlumat olsa da, "The Insider" jurnalistlərinin sorğularından sonra bütün məlumatlar silinib.
Xatırladaq ki, fevral ayında İsveçin, Böyük Britaniyanın, Fransanın, eləcə də Almaniya ilə Niderland dövlətlərinin birgə apardıqları müstəqil araşdırmaları nəticəsində məlum olmuşdu ki, Aleksey Navalnı epibatidinlə zəhərlənib.
Oqtay QORÇU