Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.
Məlumata görə, liderlər ikitərəfli Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və regional məsələləri müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi davam edir, birbaşa ticarətin qurulması istiqamətində addımlar atılır. Türkiyənin regionda sülhün və sabitliyin təmin olunmasına sadiq olduğunu deyən dövlət başçısı Ankaranın bu istiqamətdə atılan addımları bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.
Onu da qeyd edək ki, bu arada Qars Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə “Türkiyə-Ermənistan İşgüzar Görüşü” keçirilib. Görüşdə Türkiyə Xarici İşlər Nazirliyinin Qafqazla Əlaqələr İdarəsinin baş direktor müavini Ayşe Üzər, Ermənistan xarici işlər nazirinin müşaviri Hayk Darbinyan, Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan, Türkiyə Odalar və Birjalar Birliyi İdarə Heyətinin üzvü Saim Özakalın, İğdır, Ərdahan və Ərzurum palata və birjalarının nümayəndələri və hər iki ölkədən iş adamları iştirak ediblər.
Y. Qacar