Advert
Advert

Aqrar sektorda məmur müdaxilələrinə yol vermək olmaz

Tarix:
Aqrar sektorda məmur müdaxilələrinə yol vermək olmaz
Reklam

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə silsilə regional müşavirələr keçirilir.

Müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir.

Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov bildirib ki, yeni qəbul olunmuş Dövlət Proqramı qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir.

Onun sözlərinə görə, sənəd kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin təkmilləşdirilməsi, eləcə də balıqçılıq və akvakultura sahələrinin yeni inkişaf mərhələsinə keçidi baxımından mühüm yol xəritəsidir.

Məsələni “Reytinq” qəzetinə şərh edən Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Azərbaycanda kənd təsərrüfatının bütün istiqamətlərinin inkişafı üçün kifayət qədər əlverişli şərait mövcuddur.

Deputatın sözlərinə görə, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin genişləndirilməsi üçün ciddi potensial var və bu prosesə özəl sektorun daha fəal cəlb olunması vacibdir.

A. Mollazadə qeyd edib ki, Azərbaycanda Xəzər dənizi ilə yanaşı, müxtəlif regionlarda təbii və süni göllər mövcuddur:

“Bu sahəni iqtisadiyyatın mühüm istiqamətlərindən birinə çevirmək mümkündür. Bu, həm iqtisadi artıma töhfə verər, həm də yeni iş yerlərinin açılmasına şərait yaradar”.

Deputat vurğulayıb ki, dövlət başçısı aqrar sektorun inkişafı istiqamətində ardıcıl addımlar atır, müvafiq proqramlar qəbul edilir və onların icrası şəffaf, səmərəli şəkildə təmin olunmalıdır.

“Mənim fikrimcə, bu sahələrin inkişafında özəl sektorun rolu artırılmalıdır. Sahibkarlara elə şərait yaradılmalıdır ki, onlar fəaliyyətlərini maneəsiz qura bilsinlər. Aqrar sektorda məmur müdaxilələrinə, əsassız yoxlamalara və süni əngəllərə yol vermək olmaz”, - deyə deputat əlavə edib.

A. Mollazadə sonda ümid etdiyini bildirib ki, Dövlət Proqramında nəzərdə tutulan hədəflərə vaxtında və uğurla nail olunacaq.

Nemət Orucov
Reyting.az

Reklam