Advert
Advert

Avropa İran və Ukrayna məsələləri ilə bağlı Trampa yenidən çağırış edəcək

Tarix:
Avropa İran və Ukrayna məsələləri ilə bağlı Trampa yenidən çağırış edəcək
Reklam

Avropa liderləri G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampı İranla mümkün səthi və müvəqqəti razılaşmanın Tehranın nüvə və ballistik raket proqramlarının daha da güclənməsinə şərait yarada biləcəyi barədə xəbərdar etməyə hazırlaşırlar. Eyni zamanda, onlar Vaşinqtonu Ukrayna ilə bağlı strategiyasını yenidən nəzərdən keçirməyə çağıracaqlar.

Reyting.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, görüşdə Fransa, Böyük Britaniya, Kanada, Almaniya, İtaliya, Yaponiya və ABŞ liderləri, eləcə də Avropa Birliyinin nümayəndələri iştirak edəcəklər.

Məlumata görə, Donald Tramp Vaşinqton və Tehran arasında ilkin atəşkəs razılaşmasının əldə olunmasından sonra bazar ertəsi Fransaya gəlib. Sazişin rəsmi şəkildə imzalanmasının isə cümə gününə planlaşdırıldığı bildirilir.

Fransa Prezidenti Emmanuel Makron prioritet məsələnin “yekunlaşdırılacaq etibarlı və ciddi razılaşmanın təmin edilməsi” olduğunu vurğulayıb.

Onun sözlərinə görə, çərşənbə axşamı keçiriləcək nahar görüşünün əsas mövzuları arasında Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin olunması, xüsusilə Fransa və Böyük Britaniyanın rəhbərliyi ilə mümkün dəniz missiyasının yaradılması, həmçinin bu strateji su yolundan keçən alternativ enerji təchizatı marşrutlarının müəyyənləşdirilməsi yer alacaq.

Danışıqlarda Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir liderlərinin də iştirak edəcəyi gözlənilir. Diplomatların sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı detallı müzakirələrin aparılması nəzərdə tutulmur, lakin tərəflər bu məsələdə öz gözləntilərini və mövqelərini ifadə edə bilərlər.

Bununla yanaşı, Avropa diplomatları sammiti ABŞ Prezidentini Ukrayna ilə bağlı mövcud siyasətə yenidən baxmağa inandırmaq üçün mühüm imkan hesab edirlər. Onların fikrincə, Vaşinqtonun müharibənin dayandırılması ilə bağlı əvvəlki təklifləri Moskva üçün həddindən artıq əlverişli olub.

Avropa ölkələri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya hərbi dəstəyin artırılması yolu ilə Moskva ilə danışıqlara hazır olduqlarını nümayiş etdirməyə çalışırlar.

Eyni zamanda, D. Tramp bildirib ki, Rusiya Prezidenti V. Putin və Ukrayna lideri V. Zelenski münaqişənin həlli istiqamətində addımlar atmağa hazır olduqlarını nümayiş etdiriblər.

N. Orucov
 

Reklam