Advert
Advert

Avropa liderləri Trampdan uzaqlaşır

Tarix:
Avropa liderləri Trampdan uzaqlaşır
Reklam

Avropa ABŞ Prezidenti Donald Trampa qarşı daha sərt mövqe nümayiş etdirir və Ukraynadan Qrenlandiyaya qədər müxtəlif məsələlərdə öz maraqlarını müdafiə etməyə hazır olduğunu göstərir.

Reyting.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merzin ABŞ Prezidentini açıq şəkildə tənqid etməsi Vaşinqtonun Avropadakı təsirinin əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir.

Hazırda Emmanuel Makron, Keir Starmer və Giorgia Meloni də daxil olmaqla, bir sıra Avropa liderləri Donald Trampla ictimai qarşıdurmaya daha meylli görünürlər. Xüsusilə qeyd olunur ki, Merz ABŞ-ın İranla bağlı real müharibə strategiyasına malik olduğuna inanmadığını açıq şəkildə bəyan edib və Tehranın çevik diplomatiyasının Vaşinqtonu çətin vəziyyətdə qoyduğunu bildirib.

Məqalədə bildirilir ki, Avropanın “qırmızı xətləri”nin aşılması gərginliyi daha da artırıb. Buraya ABŞ-ın Qrenlandiyanı almaq cəhdləri, Macarıstandakı seçki proseslərinə müdaxilə iddiaları və xüsusilə Baş nazir Viktor Orbana göstərilən siyasi dəstək daxildir.

Gərginliyin xüsusilə təhlükəsizlik sahəsində hiss olunduğu vurğulanır. SIPRI beyin mərkəzinin məlumatına görə, ABŞ əsas silah təchizatçısı olaraq qalsa da, Avropada Amerika silahlarının payı artıq 58 faizə qədər azalıb.

Kiyevin maliyyələşdirilməsi məsələsi də diqqət çəkən məqamlardan biri kimi göstərilir. Məqalədə qeyd olunur ki, ABŞ 2025-ci ilin mart ayında Ukraynaya maliyyə dəstəyini tamamilə dayandırıb və Avropa Birliyi ölkənin əsas maliyyə mənbəyinə çevrilib. Hazırda Ukrayna ehtiyaclarının 20 faizini Avropa istehsalçılarının, 60 faizini isə öz daxili istehsalının hesabına qarşılayır.

“Ukraynanın ABŞ-dan daha az asılı olması, Avropanın da ABŞ-dan daha az asılı olması deməkdir”, - deyə nəşrin analitikləri vurğulayırlar.

Bundan əlavə, Brüssel mümkün ticarət müharibələrinə qarşı cavab tədbirləri hazırlayır. Avropa Birliyinə üzv dövlətlər ABŞ ixracatının 93 milyard avroluq hissəsini əhatə edə biləcək tədbirləri təsdiqləyiblər. Bu addım Trampın Avropa avtomobillərinə daha yüksək tariflər tətbiq etmək təhdidlərinə simmetrik cavab kimi qiymətləndirilir.

“Avropa hökumətləri artıq anlayırlar ki, Trampın bir çox təhdidləri heç vaxt tam şəkildə reallaşmaya bilər. Prezidentə qarşı – Konqresdən, məhkəmələrdən və hətta öz siyasi koalisiyasının bəzi hissələrindən – müqavimət artır”, - deyə “Guardian” yazır.

V. Quliyev
 

Reklam