Advert
Advert

Avropa Parlamenti hərbi cinayətkarları müdafiə edir

Tarix:
Avropa Parlamenti hərbi cinayətkarları müdafiə edir
Reklam

Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamədən sonra Azərbaycan Milli Məclisinin həmin parlamentlə əməkdaşlığın dayandırılması və Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarına başlamaq haqqında qərarı sosial şəbəkələrin Azərbaycan seqmentində müxtəlif istiqamətlərdə şərh olunur. Müəyyən qrup şəbəkə iştirakçıları bu qərarın qəbulunu şərtləndirən amilləri, yüngül desək, təhrif olunmuş şəkildə təqdim etməyə çalışırlar. Guya Avropa Parlamenti Azərbaycandan demokratiya, insan hüquqları və siyasi məhbusların azad olunmasını tələb etdiyi üçün Azərbaycan həmin parlamentlə əlaqələri kəsərək özünə qapanma mövqeyi tutub.

Reyting.az xəbər verir ki, bunu Aydınlar Partiyasının sabiq sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.

Q. Əlibəyli xatırladıb ki, Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Avropa Parlamenti ölkəmizlə bağlı bütövlükdə və ya qismən 15-ə yaxın qətnamə qəbul edib:

“Təəssüf doğuran haldır ki, həmin qətnamələrdə Avropa Parlamenti heç olmasa qismən neytral görünməyə belə çalışmayıb, Azərbaycan dövlətinə və xalqına qarşı daim birtərəfli və qərəzli mövqedən çıxış edib. Eyni zamanda bu qətnamələrdə Azərbaycana qarşı ritorikanın ardıcıl şəkildə sərtləşdirilməsi və sanksiya çağırışlarının artması müşahidə olunur. Bu sənədlərdə formal olaraq beynəlxalq humanitar hüquqa və insan hüquqlarına istinad edilsə də, Azərbaycana qarşı əsassız, həmin hüquq normalarına zidd ittihamlar irəli sürülür”.

Q. Əlibəyli əlavə edib ki, bu ittihamların əsas mövzusu Qarabağda yaşayan erməni əhalisinin guya Azərbaycan tərəfindən hüquqlarının pozulması, təhlükəsizliyinin təmin olunmaması, “blokada”da saxlanılması, erməni mədəni irsinin guya məhv edilməsi, Azərbaycanı könüllü tərk etmiş ermənilərin zorla Ermənistana köçürüldüyü iddiaları və onların geri qaytarılmasına təminat verilməsinin tələb olunması, eləcə də beynəlxalq xarakterli sülh və insanlıq əleyhinə cinayətlərə görə məhkum olunmuş şəxslərin “hərbi əsir” və “girov” kimi təqdim edilərək azad edilməsinin tələb olunması kimi məsələləri əhatə edir. Onun sözlərinə görə, bu qətnamələrin heç birində azərbaycanlıların Ermənistandan zorla qovulması, 30 illik işğal dövründə Qarabağda aparılan etnik təmizləmə, azərbaycanlılara məxsus mədəni və dini irsin dağıdılması və yaşayış məntəqələrinin viran qoyulması ilə bağlı heç bir qeyd yoxdur.

Hüquqşünas bildirib ki, Avropa Parlamentinin hələlik sonuncu olan “Ermənistanın demokratik dayanıqlığının dəstəklənməsi haqqında” qətnaməsinə Azərbaycanın əleyhinə olan iki bəndin daxil edilməsi qurumun qərəzini bir daha nümayiş etdirir:

“Bu bəndlərdə Avropa Parlamenti:

12. Dağlıq Qarabağ ermənilərinin hüquqlarına, o cümlədən onların şəxsiyyətinin, əmlakının və mədəni irsinin qorunmasına, həmçinin müvafiq beynəlxalq zəmanətlər altında təhlükəsiz, maneəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüquqlarına dəstəyini bir daha təsdiqləyir; erməni mədəni və dini irsinin məhv edilməsinə görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətə cəlb olunmasına və beynəlxalq qiymətləndirmə missiyasının yaradılmasına çağırır;

13. Azərbaycan tərəfindən erməni hərbi əsirlərin, saxlanılan şəxslərin və girovların ədalətsiz şəkildə saxlanılmasını pisləyir; onların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir; indiyədək atılmış addımları qeyd edir və etimadın möhkəmləndirilməsi üçün əlavə tədbirlərin görülməsinə çağırır; beynəlxalq humanitar hüquqa və insan hüquqlarına tam riayət olunmasını tələb edir”.

Əlibəyli qeyd edib ki, bu iki bənddə göstərilən məsələlərin Ermənistanda demokratiyaya və ümumiyyətlə, həmin ölkəyə birbaşa aidiyyəti yoxdur:

“Eyni zamanda bu məsələlərin Azərbaycanda insan hüquqlarının qorunmasına dair tələb kimi təqdim edilməsi də əslində siyasi qərəzin təzahürüdür.

Bu bəndlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və Cənubi Qafqazda sülh prosesinə də mənfi təsir göstərir. Avropa Parlamenti Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxışında qeyd etdiyi kimi, “sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur”.

Əlibəyli əlavə edib ki, hazırda Avropanın problemləri kifayət qədər çoxdur: “ABŞ, Rusiya və Çin ayrı-ayrılıqda Avropaya təzyiq göstərir, qitənin həm hərbi, həm də enerji təhlükəsizliyi ciddi təhdid altındadır. Belə bir şəraitdə kifayət qədər korrupsiyalaşmış və marginallaşmış Avropa Parlamenti qitənin köklü problemlərinin həllinə töhfə vermək əvəzinə, erməni lobbisinin təsiri altına düşərək mənasız sənədlər qəbul edir və nəticədə problemləri daha da dərinləşdirir. Bu baxımdan, Azərbaycana qarşı qərəzli və ikili standartlarla yanaşan belə bir qurumla formal əməkdaşlığın heç bir əhəmiyyəti yoxdur. Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarı düzgün və vaxtında qəbul edilmiş qərardır. Bu isə bütövlükdə Avropa strukturları ilə əməkdaşlığın dayandırılması demək deyil”.

N. Orucov
 

Reklam