Bəzi Avropa ölkələrində ukraynalı qaçqınlar sosial və maliyyə çətinlikləri ilə üzləşiblər.
Reyting.az xəbər verir ki, bu barədə Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Maykl O'Flaherti Ukrayna mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, müxtəlif Avropa ölkələrində yaşayan ukraynalılarla görüşləri zamanı sosial təminatın tədricən azaldılması və bunun insanların həyatına ciddi təsir göstərməsi ilə bağlı çoxsaylı şikayətlər eşidib.
"Sosial müavinətlərin azaldılmasının insanların həyatını ciddi şəkildə çətinləşdirdiyini görmüşəm. Mənzil proqramlarının məhdudlaşdırılması da ciddi problemlər yaradır. İşləyən insanlar kirayə haqqını ödəyə bilirlər, lakin təqaüdçülər və maddi imkanı zəif olan şəxslər üçün bu, böyük çətinlikdir", - deyə O'Flaherti bildirib.
Komissar qeyd edib ki, maliyyə dəstəyinin azalmasından ən çox təqaüdçülər və aztəminatlı qaçqınlar zərər çəkirlər. O, əlavə edib ki, genişmiqyaslı olmasa da, bəzi ölkələrdə ukraynalılara qarşı mənfi münasibətin də artdığı müşahidə olunur.
"Ukraynalılar cəmiyyətin bütün problemlərinə görə miqrantları günahlandıran ifrat sağçı qüvvələrin anti-immiqrasiya ritorikasının hədəfinə çevrilirlər. Bu, təhlükəli populizmdir və onun qarşısı alınmalıdır", - deyə komissar vurğulayıb.
Onun fikrincə, yerli əhali arasında narazılığın səbəblərindən biri müharibənin ilk dövründə ukraynalılara göstərilən genişmiqyaslı dəstək ola bilər. Bununla belə, O'Flaherti hesab edir ki, bu, hələ də müdafiəyə ehtiyacı olan insanların ölkəni tərk etməyə məcbur edilməsi ilə nəticələnməməlidir. Xüsusilə də Rusiyanın Ukraynanın mülki əhalisinə hücumlarının davam etdiyi indiki şəraitdə.
Məlumata görə, Avropa Komissiyası Ukrayna vətəndaşları üçün müvəqqəti müdafiə statusunun 2028-ci ilin martınadək uzadılmasını təklif edib. Bununla yanaşı, müəyyən kateqoriyalar üzrə bu statusun verilməsi ilə bağlı dəyişikliklərin də müzakirə olunduğu bildirilir.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, tammiqyaslı müharibə nəticəsində 9,6 milyondan çox ukraynalı qaçqın və ya məcburi köçkün vəziyyətindədir. Onlardan 5,9 milyonu ölkə xaricində, 3,7 milyonu isə Ukrayna daxilində məcburi köçkün kimi yaşayır.
BMT vurğulayır ki, qaçqınların bir hissəsinin geri qayıtması könüllü seçim deyil. Bir çox hallarda buna səbəb maliyyə imkanlarının tükənməsi və Avropa ölkələrində dəstək proqramlarının məhdudlaşdırılmasıdır.
N. Orucov