Advert
Advert

Avropada rekord istilər dəmir yollarını deformasiyaya uğradır, asfaltı əridir

Tarix:
Avropada rekord istilər dəmir yollarını deformasiyaya uğradır, asfaltı əridir
Reklam

Qərbi Avropada müşahidə olunan rekord istilər dəmir yollarının deformasiyasına, asfalt örtüyünün əriməsinə və nəqliyyat infrastrukturunda ciddi problemlərə səbəb olub.

Reyting.az-ın xəbərinə görə, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) sözçüsü Jan Rodriges məlumat verib.

Onun sözlərinə görə, Qərbi Avropanı bürüyən ekstremal isti hava dalğası iqlim risklərinin nəqliyyat infrastrukturuna təsirini aydın şəkildə nümayiş etdirib.

"Bir çox ölkədə dəmir yollarının deformasiyası, yol avadanlıqlarının nasazlığı, qatarların sıradan çıxması və relslərə düşən yükü azaltmaq üçün sürət məhdudiyyətlərinin tətbiqi qatarların gecikməsinə və reyslərin ləğvinə səbəb olub. Bundan başqa, kabel və siqnalizasiya sistemlərində nasazlıqlar, asfalt örtüyünün əriməsi və deformasiyası, işıqforların sıradan çıxması nəticəsində şəhərlərdə tıxaclar yaranıb. Həmçinin çaylarda su səviyyəsinin dəyişməsi naviqasiyanı çətinləşdirib", - deyə Rodriges Cenevrədə keçirilən brifinqdə bildirib.

O, çərşənbə axşamı yayımlanan UNECE hesabatına istinadla qeyd edib ki, 2050-2080-ci illərdə Avropanın dəmir yolu şəbəkəsinin təxminən 90 faizi daha yüksək temperaturların təsiri altında qalacaq. Hesabata əsasən, nəqliyyat infrastrukturu hər il 25 dərəcədən yuxarı temperaturun əlavə 10-15 günü ilə, bəzi bölgələrdə isə 200 günədək davam edən isti hava şəraiti ilə üzləşəcək.

UNECE xəbərdarlıq edib ki, iqlim dəyişikliyi yolların deformasiyası, yol örtüyünün dağılması, körpülərin zədələnməsi, nəqliyyat infrastrukturunun yaxınlığında meşə yanğınları və yol, dəmir yolu, eləcə də çay nəqliyyatını iflic edə biləcək daşqınlar riskini artıracaq.

Təşkilat ölkələri ekstremal hava hadisələrinin getdikcə daha tez-tez baş verdiyini nəzərə alaraq, nəqliyyat infrastrukturunun layihələndirilməsi və istismarı zamanı iqlim risklərini əsas amillərdən biri kimi qiymətləndirməyə çağırıb.

Y. Qacar
 

Reklam