Son iki ildə Avropada qeyri-qanuni miqrasiyanın səviyyəsi 55 faiz azalıb. Qərbi Balkan marşrutu üzrə bu göstərici 90 faizə, Türkiyədən Egey adalarına qeyri-qanuni keçidlər isə 67 faizə qədər enib. Xarici sərhədlərin mühafizəsinin gücləndirilməsi və sığınacaq prosedurlarının daha səmərəli təşkili öz nəticəsini verir.
Reyting.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) daxili işlər məsələləri üzrə komissarı Magnus Brunner deyib.
AB-yə üzv ölkələrin daxili işlər nazirlərinin görüşündən əvvəl Brüsseldə çıxış edən Brunner bildirib ki, Miqrasiya və Sığınacaq Paktının icrası uğurla davam edir və son illərdə qeyri-qanuni miqrasiyada ciddi azalma müşahidə olunur. Onun sözlərinə görə, hazırda Şengen məkanında tətbiq olunan məhdudiyyətlər və qaydalarla bağlı müxtəlif yeni variantlar qiymətləndirilir.
Banqladeş və Pakistandan Avropaya aparan marşrutlara, xüsusilə də Liviya üzərindən keçən istiqamətlərə diqqət çəkən Brunner qeyd edib ki, insanların Aralıq dənizi və Atlantik okeanı vasitəsilə təhlükəli səfərlərə çıxmasının qarşısı alınmalıdır.
Bəzi üzv dövlətlərin paktın icrasına hazırlıqlarını hələ tamamlamamaları ilə bağlı tənqidlərə cavab verən Brunner bildirib ki, son mərhələlər həmişə ən çətin olur, lakin ümumi vəziyyət qənaətbəxşdir.
Brunner qeyri-qanuni miqrasiyanın azalması və islahatların həyata keçirilməsi fonunda Şengen məkanında daxili sərhəd nəzarətinin mərhələli şəkildə aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Almaniyanın hazırda tətbiq etdiyi sərhəd nəzarətinə münasibət bildirən AB rəsmisi deyib:
“Şengen sistemi işləməlidir. İslahatlar həyata keçirildikdən və miqrasiya göstəriciləri azaldıqdan sonra sərhəd nəzarətindən addım-addım uzaqlaşmağın vaxtı gələcək”.
İsveçrədə yaxın vaxtlarda səsverməyə çıxarılacaq və ölkə əhalisinin sayını 10 milyon nəfərlə məhdudlaşdırmağı nəzərdə tutan təşəbbüslə bağlı suala cavab verən Brunner deyib ki, İsveçrə ilə AB arasında əməkdaşlıq güclü olaraq qalır. O, referendumun mümkün nəticələri barədə isə hər hansı şərh verməkdən çəkinib.
Brunner qeyd edib ki, nazirlərin görüşündə Ukrayna vətəndaşlarına verilən müvəqqəti qoruma statusunun gələcəyi də müzakirə olunacaq.
Onun sözlərinə görə, qoruma statusunun əhatə dairəsi ilə bağlı müxtəlif təkliflər nəzərdən keçirilir. Bu təkliflər arasında hərbi çağırış yaşında olan kişilərin müvəqqəti qoruma proqramından kənarda saxlanılması və ya Ukraynanın müəyyən bölgələrinin bu statusun əhatə dairəsindən çıxarılması kimi variantlar da var.
Brunner əlavə edib ki, qərar qəbul edilərkən ukraynalı qaçqınların ən çox yerləşdiyi ölkələrin - Polşa, Çexiya, Almaniya, Avstriya və Baltikyanı ölkələrin mövqeyi nəzərə alınacaq.
O bildirib ki, görüşdən sonra Avropa Komissiyası bu məsələ ilə bağlı konkret təklif təqdim etməyi planlaşdırır.
V. Quliyev