Advert
Advert

Avropanı güclü meşə yanğınları bürüyüb

Tarix:
Avropanı güclü meşə yanğınları bürüyüb
Reklam

Cənubi Avropanın bir neçə ölkəsində eyni vaxtda baş verən genişmiqyaslı meşə yanğınları yüzlərlə kvadratkilometr ərazini əhatə edib.

Reyting.az xəbər verir ki, yanğınlar artıq 190 kvadratkilometrdən çox təbii ərazini məhv edib, minlərlə sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb. Ən ağır vəziyyət Portuqaliya, İspaniya, Fransa və Yunanıstanda müşahidə olunur.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yüzlərlə yanğınsöndürən alovla mübarizə aparır. Yüksək temperatur, güclü külək və uzunmüddətli quraqlıq yanğınların sürətlə yayılmasına səbəb olur ki, bu da fövqəladə xidmətlərin işini xeyli çətinləşdirir.

Vəziyyət xüsusilə Fransanın cənub-qərbində, Perpinyan yaxınlığında ağırdır. Burada təxminən 700 yanğınsöndürən və xüsusi təyinatlı aviasiya qüvvələri ucqar ərazidə baş vermiş iri meşə yanğınını söndürməyə çalışır. Son 24 saat ərzində yanğının əhatə dairəsi təxminən üç dəfə artaraq 46 kvadratkilometrə çatıb. Hadisə nəticəsində bir yanğınsöndürən və bir yerli sakin xəsarət alıb, 10 mindən çox insan təxliyə edilib.

Sinoptiklər xəbərdarlıq edirlər ki, yaxın günlərdə vəziyyət daha da ağırlaşa bilər. Proqnozlara görə, Cənubi Avropanın bəzi bölgələrində havanın temperaturu yenidən 40 dərəcəyə yaxınlaşacaq ki, bu da yeni yanğınların baş verməsi üçün əlverişli şərait yaradacaq.

Hazırkı yanğın dalğası iyun ayında qeydə alınan rekord istilərdən qısa müddət sonra başlayıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, həmin ekstremal istilər Avropada minlərlə insanın ölümünə səbəb olub.

“World Weather Attribution” elmi qrupunun araşdırmasına əsasən, bu qədər genişmiqyaslı istilik dalğasının antropogen iqlim dəyişikliyinin təsiri olmadan baş verməsi demək olar ki, mümkün deyil. Tədqiqatçılar bildirirlər ki, qlobal temperaturun artması quraqlıq dövrlərini uzadır, torpaq və bitki örtüyündə rütubəti azaldır, nəticədə isə iri meşə yanğınlarının başvermə riski əhəmiyyətli dərəcədə yüksəlir.

V. Quliyev
 

Reklam