Advert
Advert

Azərbaycan Beynəlxalq Məhkəmədə Ermənistana qarşı iddia qaldırmalıdır

Tarix:
Azərbaycan Beynəlxalq Məhkəmədə Ermənistana qarşı iddia qaldırmalıdır
Reklam

“V.T. və digərləri Azərbaycana qarşı” işi üzrə 2016-cı il Aprel döyüşləri ilə bağlı erməni hərbçi ailəsinin şikayəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsində qismən təmin edilib. Ermənistanın işğalçı rejiminin nəzarəti altında olan ərazilərdə baş verənlərə görə Azərbaycan dövlətinin ittiham edilməsi və cərimələnməsi barədə 2026-cı il 18 iyun tarixli qərar, bir tərəfdən, İnsan Hüquqları Konvensiyasına, digər tərəfdən isə Avropa Məhkəməsinin presedent hüququna zidd olan ədalətsiz və qərəzli qərardır. Azərbaycan dövləti bu qərarın ləğvi üçün Konvensiyanın verdiyi bütün mümkün hüquqi və prosessual vasitələrdən istifadə etməli, o cümlədən Strasburq Məhkəməsinin Böyük Palatasına müraciət imkanlarını nəzərdən keçirməlidir.

Reyting.az xəbər verir ki, bunu hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib.

Q. Əlibəylinin sözlərinə görə, məhkəmənin bu qərarı ölkə ictimaiyyətində, hüquqi və ekspert dairələrində beynəlxalq, xüsusən də Avropa qurumlarının, o cümlədən Avropa Məhkəməsinin Azərbaycana münasibətdə nə dərəcədə obyektiv olması, eləcə də ölkəmizin Ermənistana qarşı beynəlxalq məhkəmə iddialarını daha fəal şəkildə davam etdirib-etdirməməsi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Hüquqşünas qeyd edib ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etdikdən sonra Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın uzun illər davam etmiş işğal siyasəti, etnik təmizləmə, insan hüquqlarının pozulması və maddi-mədəni irsin məhv edilməsi ilə əlaqədar iddialar qaldırıb:

“Eyni zamanda Ermənistan da Azərbaycana qarşı iddialarla çıxış etdi. Lakin sülh danışıqlarının gedişində hər iki dövlət beynəlxalq instansiyalarda qarşılıqlı iddialar üzrə prosessual hərəkətləri dayandırmaq barədə ümumi razılığa gəldi. Avropa Məhkəməsinin son qərarı isə bu razılaşmanın üzərinə kölgə saldı və Ermənistana dövlət kimi inam və etibar məsələsini yenidən gündəmə gətirdi. Bu baxımdan Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmə iddialarını yenidən və daha fəal şəkildə davam etdirməsi məqsədəuyğun görünür. Həm də bu məsələyə yalnız son qərarlara emosional reaksiya kimi deyil, Azərbaycanın uzunmüddətli milli maraqlarına xidmət edən strateji siyasətin tərkib hissəsi kimi yanaşılmalıdır”.

Əlibəyli əlavə edib ki, Azərbaycan artıq müharibənin hərbi mərhələsini qalibiyyətlə başa vurub:

“Azərbaycanın əldə etdiyi hərbi-siyasi qələbə ölkənin ərazi bütövlüyünün bərpasını təmin etsə də, münaqişənin hüquqi nəticələri hələ tam aradan qaldırılmayıb, təcavüzkar dövlətin beynəlxalq hüquqi məsuliyyəti məsələsi isə öz həllini tapmayıb. Başqa sözlə, müharibələr yalnız döyüş meydanında deyil, sonrakı illərdə məhkəmə zallarında, diplomatik platformalarda və beynəlxalq təşkilatlarda da davam edir. Adətən postmüharibə dövrü geosiyasi, diplomatik və hüquqi mübarizə mərhələsi hesab olunur. Bu mərhələdə beynəlxalq qurumlarda, o cümlədən məhkəmələrdə fəallığın artırılması həm tarixi həqiqətlərin təsdiqi, həm Ermənistanın məsuliyyətinin beynəlxalq səviyyədə tanınması, həm də gələcək sülh prosesinin daha möhkəm hüquqi təməl üzərində qurulması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Əlibəylinin fikrincə, işğal dövründə Ermənistanın törətdiyi əməllərin beynəlxalq hüquqi müstəvidə sənədləşdirilməsi və hüquqi məsuliyyət məsələsinin gündəmdə saxlanılması postmüharibə dövründə dövlət fəaliyyətinin prioritet istiqamətlərindən biri olmalıdır:

“Əgər Azərbaycan beynəlxalq aləmdə, o cümlədən məhkəmə instansiyalarında öz hüquqi arqumentlərini sistemli şəkildə müdafiə etməsə, zaman keçdikcə beynəlxalq ictimai rəydə hadisələrin erməni interpretasiyasına uyğun təhrif olunmuş versiyası formalaşa bilər. Bu isə gələcək nəsillər üçün tarixi və hüquqi həqiqətlərin zəifləməsi, problemin gələcək nəsillərə ötürülməsi riskini yaradır”.

Hüquqşünas xatırladıb ki, Azərbaycanın əlində kifayət qədər sanballı və ciddi hüquqi arqumentlər mövcuddur:

“Ən ciddi arqument BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən otuz il işğal altında saxlanılması faktıdır ki, bu da beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bu müddət ərzində yüz minlərlə insan öz doğma torpaqlarından məcburi köçkün düşüb, yaşayış məntəqələri dağıdılıb, tarixi və dini abidələr məhv edilib, təbii sərvətlər qanunsuz istismar olunub, soyqırımı və ekosid kimi çoxsaylı beynəlxalq xarakterli cinayətlər törədilib.

Bunları nəzərə alaraq, Azərbaycan beynəlxalq məhkəmə platformalarında Ermənistana qarşı məcburi köçkünlərin hüquqlarının pozulması, etnik təmizləmə, mədəni irsin məhv edilməsi, ekoloji zərərlər, təbii sərvətlərdən qanunsuz istifadə, işğal olunmuş ərazilərdə milyonlarla minanın basdırılması nəticəsində insan hüquqlarının pozulması, iqtisadi itkilər və kompensasiya tələbləri ilə bağlı iddialar irəli sürə bilər. Nəzərə almaq lazımdır ki, bu məsələlərin əksəriyyəti artıq müxtəlif beynəlxalq hüquqi platformalarda, o cümlədən məhkəmə instansiyalarında bu və ya digər dərəcədə müzakirə predmetinə çevrilib və Azərbaycanın mövqeyini dəstəkləyən kifayət qədər geniş sübut bazası formalaşıb.

Avropa Məhkəməsinin son qərarı fonunda, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı həlak olmuş mülki və hərbi şəxslərin yaşamaq hüququnun pozulması faktları da çoxsaylı yeni iddiaların hüquqi əsasını təşkil edə bilər.

Xatırlatmaq istəyirəm ki, beynəlxalq məhkəmələrin fəaliyyətinə yalnız hüquqi deyil, həm də siyasi aspektdən yanaşmaq lazımdır. Müasir beynəlxalq münasibətlər sistemində məhkəmə qərarları mühüm siyasi təsir vasitələrindən biri hesab olunur. Beynəlxalq məhkəmələrdə əldə olunan nəticələr dövlətlərin beynəlxalq imicinə, diplomatik mövqelərinə və gələcək siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Məhz buna görə Ermənistan uzun illər ərzində beynəlxalq hüquqi mexanizmlərdən fəal şəkildə istifadə etməyə çalışıb”.

Q. Əlibəyli daha sonra əlavə edib:

“Avropa Məhkəməsinin son qərarı bir daha göstərdi ki, beynəlxalq hüquqi müstəvidə passivlik gələcəkdə siyasi və informasiya müharibəsində mövqelərin zəifləməsinə səbəb ola bilər. Buna görə də Azərbaycan həm Avropa İnsan Hüquqları Məhkəməsi, həm də Beynəlxalq Ədalət Məhkəməsi daxil olmaqla bütün beynəlxalq hüquqi platformalarda hücum və müdafiə elementlərini özündə birləşdirən kompleks hüquqi strategiya həyata keçirməlidir. Bu strategiyanın əsas məqsədi yalnız hüquqi qələbələr deyil, işğalın nəticələrinin beynəlxalq səviyyədə tanınması, Ermənistanın məsuliyyətinin rəsmiləşdirilməsi və Azərbaycanın siyasi mövqeyinin möhkəmləndirilməsi olmalıdır.

Bütün bunları nəzərə alaraq, Azərbaycanın beynəlxalq hüquqi platformalarda, o cümlədən məhkəmə instansiyalarında fəaliyyətini davam etdirməsi, mövcud iddiaları daha sistemli şəkildə irəli aparması və yeni iddialar qaldırması strateji baxımdan düzgün və zəruri yanaşma hesab edilməlidir.”

N. Orucov
 

Reklam