Advert
Advert

Azərbaycanlı missiyası İTV-yə necə daşınmalıdır? - Taleh Sahsuvarlı yazır

Tarix:
Azərbaycanlı missiyası İTV-yə necə daşınmalıdır? - Taleh Sahsuvarlı yazır
Reklam

“İctimai yayım” Azərbaycanda uzun illər ancaq “televiziya və radio kanalı” kimi qəbul edilib. Yayım xidmətinin hətta bir zamanlar başqa media quruluşundan idarə olunması barədə iddialar da səslənib. Nəticədə qurum “mexaniki idarəetmə” məntiqi ilə öz əsas missiyasından uzaqlaşıb. Keçmişi təftiş etmək istəmirəm. Fəqət indi dünya da dəyişib, Azərbaycan da. İkinci Qarabağ savaşında qazandığımız tarixi zəfərdən sonra yeni milli hədəflərimiz formalaşır. Azərbaycan Cənubi Qafqazın lider dövlətindən Yaxın Şərqin orta gücünə çevrilir. Bütün bunlar qəti şəkildə sövq edir ki, Azərbaycanın ictimai düşüncə müəssisəsinin aynası olmalı olan efirlə “menecer” kimi təqdim olunan, torpağın hənirini duymamış, milli tərəqqi prosesinin paradiqmalarını mənimsəməmiş, dövlətçilik ənənələrimizin məğzini dərk etməyən, ictimai şüurun tarixi hafizəsi ilə müasir dinamikası arasında balans qurmaq imkanından məhrum olan tiplər arasındakı kəskin ziddiyyətlər palazın altına qoyulmasın. Çünki biz indi başqa bir savaşın - qlobal informasiya müharibəsinin içindəyik. Reallıqlar bizi tamamilə fərqli parametrlərə - strateji düşüncəyə, ideoloji hazırlığa və milli kommunikasiya modelinə uyğunluğa - baxmağa vadar edir. Əlahəzrət zamanın bu gün bizə əsas tapşırığı bir televiziyanı sıradan kadr resursları mütəxəssisi, yaxud hansısa xarici ölkə universitetindən sertifikat almış “peşəkar mühasib” kimi idarə etmək deyil. Əsas sual budur: rəqəmsal informasiya savaşlarının yeni mərhələsində Azərbaycanlı missiyası İctimai teleradioya necə daşınacaq? 

Bu sual İctimai yayımı dövlətin strateji kommunikasiya platforması, milli düşüncə məkanı və informasiya təhlükəsizliyi institutu kimi nəzərdən keçirməyin aktuallığını üzə çıxarır. Bəs, bu aktuallıq qarşısında “Düşünən Azərbaycanlı” kimdir? Müəyyən bir tərif verməli olsaq, “DÜŞÜNƏN AZƏRBAYCANLI - öz vətəninə, xalqına, dövlətinə güclü aidiyyət bağı olan, milli maraqları düzgün ayırd edə bilən, rəqəmsal manipulyasiyaların təsirinə düşməyən, dünyanı anlayan, analitik düşünən, texnologiya ilə işləməyi bacaran, Azərbaycanı sivil dünyanın bir parçası olaraq görən, sekulyar baxış və hüquq şüuru ilə tərəqqi prosesinə töhfə verən insan modelidir. O, həm də Azərbaycanın yeni vətəndaş obrazıdır. İctimai yayım məhz bu obraza fokuslanaraq yeni mərhələyə keçməlidir. 

Gəlin, səmimi, obyektiv və rasional düşünək: Azərbaycan insanı çağımızın informasiya xaosu içində öz ictimai yayımından intellektual dəstək almasa, onun vətəndaş oriyentasiyası kənar ideoloji təzyiqlərə nə qədər davam gətirəcək?  

Ona görə də, mən İctimai teleradionun baş direktorluğuna namizəd olaraq: 

✅ Təkcə efir yox- ictimai düşüncə məkanı; 

✅ Sensasiya yox- analitik baxış; 

✅  Populizm yox- dövlətçilik məsuliyyəti; 

✅ Kütlə psixologiyası yox- ictimai intellekt;

✅ Formal yayım yox- Azərbaycanlı missiyası üzərində düşünməyi təklif edirəm. 

İctimai yayım bazar televiziyası deyil. Heç ticarət şirkəti də deyil. Onun əsas məqsədi ictimai rəyin keyfiyyətini yüksəltməkdir. Bu keyfiyyət yüksəlişinə: 

⬆️ Milli kimliyin, Azərbaycan dövlətçiliyinin tarixi və strateji məzmununun təqdimatı;

⬆️ Elmi populyarlaşdıran, çağdaş dünyagörüşü təşviq edən maarifləndirici layihələr;

⬆️ Süni intellekt, texnologiya, informasiya təhlükəsizliyi və media savadlılığı mövzularının işıqlandırılması;

⬆️ İctimai müxtəlifliyin balanslı təmsilçiliyi;

⬆️ Analitik verilişlər, yeni nəsil sənədli filmlər və digər intellektual kontent vasitəsilə nail olunacaq. 

Bu missiyanın ikinci istiqaməti isə, mənim konseptual baxışıma görə, efir mədəniyyətidir.

İctimai yayım cəmiyyətin zövqünü formalaşdıran əsas platformadır. Tamaşaçının gözü və qulağı efirdə dincəlməli, amma düşüncəsi koralmamalıdır. Aqressiv, yaxud yekcins müzakirələr, səviyyəsiz səhər, populist axşam söhbətləri ictimai yayım modelinə uyğun deyil. İTV mənim nəzərimdə peşəkar üslubun və müasir estetik düşüncənin qovşağıdır. 

Üçüncü istiqamət rəqəmsal transformasiyadır.

Yeni nəsil cihazlar klassik televizor baxışını böyük ölçüdə sosial platformalara köçürüb. İTV auditoriyasını yalnız klassik cihazlar vasitəsi ilə müəyyənləşdirə bilməz. Rəqəmsal yayım, süni intellekt alətləri, data analitikası və sosial platformalar ictimai yayımın əsas fəaliyyət istiqamətlərindən birinə çevriləcək. İctimai yayımın həm texnoloji, həm də intellektual resursları sayəsində Azərbaycan cəmiyyətinin ictimai şüuru istənilən basqı qarşısına hazır çıxacaq.  

Bütün bunlar bir daha təşviq edir ki, diqqətimiz bu günlərdə mediada tez-tez başlığa çıxarılan "İTV-nin yeni rəhbəri kim olacaq" sualından ötəyə köklənsin. 

Əzizlərim, bəlkə, sualı belə qoyaq: İctimai Televiziya hansı missiyanın güzgüsü olacaq? 

Mən öz  namizədliyimi irəl sürməklə, əslində, bu suala cavabımı təklif etmişəm: Azərbaycanlı missiyasının!

Taleh Sahsuvarlı

Reklam