Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Fars körfəzindəki silahlı münaqişəyə qarşıdır və İranla diplomatik həllin tərəfdarıdır.
Reyting.az-ın məlumatına görə, BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş bu barədə “X” hesabında yazıb.
Qarqaş qeyd edib ki, BƏƏ bu müharibəni istəmir və onun qarşısını almaq üçün səmimi qəlbdən çalışır.
O, vətəni müdafiə etməyin BƏƏ-nin "müqəddəs vəzifəsi" olduğunu və hakimiyyət orqanlarının dövlətin suverenliyini dəstəkləyəcəyini vurğulayıb.
Qarqaş yazıb ki, Əbu-Dabi ABŞ Prezidenti Donald Trampın Çinə səfərini və bunun Fars körfəzindəki hadisələrə potensial təsirini yaxından izləyir. "Bu kontekstdə BƏƏ bütün təmaslarında müdafiə etdiyi böhranın siyasi həllinin və danışıqların vacibliyini bir daha təsdiqləyir", - deyə BƏƏ liderinin müşaviri yekunlaşdırıb.
Qeyd edək ki, bazar günü İran Fars körfəzindəki münaqişənin həlli ilə bağlı Amerikanın təkliflərinə cavabını vasitəçilik missiyasını üzərinə götürən Pakistana təqdim edib. "The Wall Street Journal" qəzetinin mənbələrinə görə, Tehran Vaşinqtonun israr etdiyi kimi, nüvə obyektlərinin sökülməsini rədd edib.
Qəzet yazır ki, İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşsa da, bu, ABŞ-ın tələb etdiyi kimi 20 il üçün nəzərdə tutulmur. Bundan əlavə, İran zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini yenidən emal edərək onların səviyyəsini azaltmağı və qalan hissəsini üçüncü tərəfə ötürməyi təklif edib və danışıqlar uğursuz olarsa və ya Vaşinqton razılaşmadan çıxsa, yanacağın ölkəyə qaytarılacağına zəmanət verib. ABŞ Prezidenti Donald Tramp daha sonra Tehranın cavabını qəbuledilməz adlandırıb.
E. Kamal