Monqolustanın paytaxtı Ulan-Bator şəhərinin rəhbərliyi "Stolitsa bond" adlı istiqrazlar buraxıb. İstiqraların 100 faizi uğurla satılıb.
Reyting.az bildirir ki, şəhər rəhbərliyinin açıqlamasına görə, 2025-ci ilin dekabr ayında, daha sonra isə 2026-cı ilin fevral ayında qəbul olunmuş iki qərara əsasən, 200 min istiqraz buraxılıb.
Ulan-Bator meri qeyd edib ki, bu istiqrazların satışından toplanacaq vəsait "TEC-5 power plant" adlı layihənin birinci mərhələsinin maliyyələşdirilməsinə yönəldiləcək.
Ölkə tarixində ilk dəfə baha qiymətə, üstəlik, rekord sayda satılan yeni istiqrazların müddəti 3 il, illik gəliri isə 14 faizdir.
Şəhər rəhbərliyi bildirib ki, hər istiqrazın nominal dəyəri 1 milyon Monqolustan tuqrikidir (300 ABŞ dolları). Meriyadan bildiriblər ki, nəticələr gözlənilməz olub və bütün istiqrazlar ilkin bazarda tam yerləşdirilib.
Qeyd edək ki, Monqolustan rəsmilərinin bu kampaniya ilə bağlı verdikləri açıqlamalara görə, ölkə paytaxtının rəhbərliyi tərəfindən atılan addım böyük infrastruktur layihələrinin daxili kapital bazarı hesabına maliyyələşdirilməsinin uğurlu nümunəsidir.
Oqtay QORÇU