Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2026"ya start verilib.
Reyting.az-ın məlumatına görə, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib.
Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə təmsilçiləri də qələbə uğrunda yarışırlar.
Sayca doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar.
Bakı Marafonunun marşrutu:
Dövlət Bayrağı Meydanı → Dənizkənarı Bulvar → Bakı Dəniz Vağzalı → Neftçilər prospekti → Bakı Ağ Şəhər Bulvarı → 8 Noyabr prospekti → Yusif Səfərov küçəsi → Sevgi Parkı → Heydər Əliyev prospekti → Baku Arena → Böyük İpək Yolu küçəsi → Müzəffər Nərimanov küçəsi → Ziya Bünyadov prospekti → Böyükşor küçəsi → Böyükşor körpüsü → Balaxanı dairəsi → Böyükşor–Pirşağı yolu → Bakı Dairəvi Yolu (Bilgəh–Pirşağı şosesi) → Sea Breeze.