İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ lideri Donald Trampın Papa XIV Leo haqqında dediklərini "qəbuledilməz" adlandırıb.
Xatırladaq ki, ABŞ prezidenti paylaşımında Papanı "Cinayətkarlıqda zəif və xarici siyasət üçün dəhşətli" olmaqda ittiham edib.
Reyting.az-ın məlumatına görə, Meloni bildirib ki, Papa Katolik Kilsəsinin rəhbəridir, onun sülhə çağırması, hər cür müharibəni pisləməsi düzgün və normaldır.
Qeyd edək ki, katolik olan və sağçı koalisiya hökumətinə rəhbərlik edən Meloni Trampın yaxın müttəfiqidir və indiyə qədər ABŞ prezidentinin Papa Leoya qarşı sərt tənqidlərini qınamaqdan çəkinirdi.
İtaliyanın müxalifət partiyaları Melonini Trampa vaxtında cavab vermədiyinə görə tənqid ediblər.
Onun koalisiya ortağı, populist “Liqa” partiyasının lideri Matteo Salvini bildirib ki, "Papaya hücum etmək... faydalı və ya ağıllı bir iş kimi görünmür".
Trampın çıxışlarından sonra Roma Papası Əlcəzairə gedərkən jurnalistlərə deyib ki, Trampla müzakirəyə girmək istəmir və sülhü təşviqinə davam edəcək.
Papa Leo, ABŞ prezidentinin İran münaqişəsi ilə bağlı mövqeyinə görə qeyri-adi və sərt bir hücum başlatdıqdan sonra Tramp administrasiyasından "qorxmadığını" və müharibəyə qarşı çıxışına davam edəcəyini bildirib.
O, İran müharibəsinin sərt tənqidçisi olub, Trampın İran sivilizasiyasını məhv etmək təhdidini "qəbuledilməz" adlandırıb və münaqişəyə son qoymaq üçün "çıxış yolu" tapmağa çağırıb.
V. Quliyev