Advert
Advert

Baş nazir prezidentin istefasını tələb edəcək

Tarix:
Baş nazir prezidentin istefasını tələb edəcək
Reklam

Macarıstanın Baş naziri Peter Magyar bu gün Prezident Tamaş Şuyok ilə görüşərək onun istefasını tələb edəcək.

Reyting.az xəbər verir ki, bunu Peter Magyar bildirib.

Xatırladaq ki, Magyar daha əvvəl dövlət başçısını may ayının sonunadək könüllü şəkildə vəzifəsindən getməyə çağırmışdı.

Magyar “Facebook” paylaşımında qeyd edib ki, istefa ərizəsinin təqdim olunması üçün son tarix bu gün gecə yarısıdır: “Bazar ertəsi səhər saat 8-də ədliyyə naziri ilə birlikdə Prezident Tamaş Şuyoku ziyarət edəcəyəm”.

Qeyd edək ki, Şuyok Magyarın çağırışına baxmayaraq istefa verməkdən imtina edib və mayın 29-da aralarında yaranmış mübahisəyə hüquqi qiymət verilməsi üçün Venesiya Komissiyasına müraciət edib.

Prezidentin mətbuat xidməti bildirib ki, “Əsas qanuna uyğun şəkildə əsaslandırılmayan siyasi səbəblərlə dövlət başçısının vəzifədən kənarlaşdırılması çağırışları mövcud konstitusiya quruluşu çərçivəsində son dərəcə ziddiyyətli vəziyyət yaradır. Bu isə Respublika Prezidenti institutunun konstitusion fəaliyyətinə və səlahiyyətlərinin icrasına mənfi təsir göstərir”.

Məlumata görə, Şuyok vəziyyətin qiymətləndirilməsi və “Avropa konstitusiya dəyərləri nəzərə alınmaqla mübahisənin həllində ekspert dəstəyinin göstərilməsi” məqsədilə Venesiya Komissiyasına müraciət edib.

Aprelin 12-də keçirilən parlament seçkilərində Tisza Partiyasının qələbəsindən sonra Magyar Macarıstan prezidentini istefaya çağırıb. Yeni Baş nazir hesab edir ki, Şuyok vəzifədə qalmaq hüququna malik deyil. Onun fikrincə, prezident üzərinə düşən məsuliyyətlərə baxmayaraq, əvvəlki hökumətin son illərdə siyasi, sosial və maliyyə sahələrində yol verdiyi sui-istifadələrin qarşısını ala bilməyib.

Viktor Orban və hazırda müxalifətdə olan Fidesz – Macarıstan Vətəndaş Birliyi isə Şuyoku dəstəkləyiblər. Onlar yeni Baş nazirin tələblərinin təhlükəli presedent yaratdığını, hakimiyyətin mənimsənilməsi cəhdi olduğunu və ölkə konstitusiyasına zidd gəldiyini bildirirlər.

Macarıstan qanunvericiliyinə əsasən, prezident parlament tərəfindən beş il müddətinə seçilir və yeni hökumətin onun istefasını tələb etməsi üçün hüquqi mexanizm nəzərdə tutulmayıb.

Onu da qeyd edək ki, 2024-cü ildə dövlət başçısı seçilən Şuyokun müdafiəsi məqsədilə Macarıstanda petisiya kampaniyasına başlanılıb.

E. Kamal
 

Reklam