Efiopiyanın Baş naziri Abiy Əhmədin rəhbərlik etdiyi Çiçəklənmə Partiyası parlament seçkilərində növbəti dəfə çoxluq qazanaraq hakimiyyətini qoruyub.
Reyting.az xəbər verir ki, Nobel Sülh Mükafatı laureatı olan Abiy Əhmədin qələbəsi gözlənilən idi. Partiya seçki kampaniyasında iqtisadi göstəricilərin yaxşılaşmasını və ərzaq təhlükəsizliyinin gücləndirilməsini əsas uğurlar kimi təqdim edib.
Abiy Əhməd 2018-ci ildə hakimiyyətə gəldikdən sonra siyasi islahatlar həyata keçirib, siyasi məhbusların azad olunmasına və bəzi siyasi məhdudiyyətlərin aradan qaldırılmasına nail olub. O, 2019-cu ildə Eritreya ilə münasibətlərin normallaşdırılmasına görə Nobel Sülh Mükafatına layiq görülüb.
Bununla yanaşı, hökumət son illərdə jurnalistlərə və vətəndaş cəmiyyəti institutlarına təzyiqlərlə bağlı tənqid olunur. Ölkə həmçinin Oromiya və Amhara bölgələrində davam edən silahlı qarşıdurmalarla üzləşir.
Analitiklərin fikrincə, 2020–2022-ci illərdə Tiqray bölgəsində baş vermiş və yüz minlərlə insanın həyatına son qoymuş müharibədən sonra əldə edilən sülh hələ də kövrək olaraq qalır. Son aylarda bölgədə yenidən gərginliyin artması narahatlıq doğurur.
Təhlükəsizlik problemləri səbəbindən Tiqrayda seçkilər keçirilməyib.
Onud aqeyd edək ki, hökumət 2026-cı ildə ölkə iqtisadiyyatının 10 faizdən çox artacağını proqnozlaşdırır.
E. Kamal