Yaponiyanın Osaka Metropolitan Universitetinin alimləri batareyaya ehtiyac olmadan işləyən yeni elektroliz sistemi hazırlayıblar. Mütəxəssislərin sözlərinə görə, bu sistem günəş işığı, su və karbon qazından istifadə etməklə kimyəvi yanacaq istehsal edə bilir.
Reyting.az-ın məlumatına görə, tədqiqatçılar bildiriblər ki, yeni sistem ənənəvi qurğulardan əhəmiyyətli dərəcədə fərqlənir. Bu texnologiyada enerji axınını tənzimləmək üçün əlavə elektron avadanlıq və ya akkumulyator tələb olunmur.
Elektroliz qurğusu günəş şüalarının intensivliyinə uyğun olaraq öz temperaturunu və elektrik müqavimətini avtomatik şəkildə tənzimləyir, bununla da optimal iş rejimini qoruyub saxlayır.
Tədqiqatçıların sözlərinə görə, açıq hava şəraitində aparılan sınaqlar zamanı sistem günəş işığının intensivliyi dəyişsə belə, karbon qazı (CO₂) və sudan sabit şəkildə qarışqa turşusu istehsal etməyə nail olub.
Alimlər hesab edirlər ki, bu yanaşma gələcəkdə daha sadə və daha ucuz “süni fotosintez” qurğularının yaradılmasına imkan verəcək. Eyni zamanda, texnologiya günəş enerjisinin maye kimyəvi yanacaq formasında saxlanılmasını və istifadəsini daha əlçatan edə bilər.
Oqtay Qorçu