İsrail baş naziri Binyamin Netanyahunun hərbi katibi general-mayor Roman Qofman İsrailin xarici kəşfiyyat xidmətinin (MOSSAD) direktoru vəzifəsinə təsdiqlənib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı İsrail hökuməti rəhbərinin ofisi yayıb.
Məlumata görə, bazar günü axşamı yüksək vəzifəli şəxslərin təyin edilməsi üzrə məsləhət komitəsi Qofmanın namizədliyini təsdiqləyib. Komitənin təsdiqindən sonra Netanyahu Qofmanı MOSSAD kəşfiyyatının növbəti rəhbəri təyin edən sərəncam imzalayıb.
Bildirilir ki, o, bu vəzifənin icrasına 2 iyun 2026-cı ildə başlayacaq.
Xatırladaq ki, Netanyahu Qofmanı bu vəzifəyə təyin etmək qərarını 2025-ci ilin dekabrında açıqlamışdı. Baş nazirin ofisinin o vaxt bildirdiyi kimi, Netanyahu müxtəlif namizədlərlə bir sıra müsahibələr aparmış və hərbi katibini "ən layiqli və uyğun namizəd" hesab etmişdi. Qofman beş illik səlahiyyət müddəti 2026-cı ilin iyununda başa çatan Devid Barneanı əvəz edəcək.
Qofman 1976-cı ildə Belarusun Mozır şəhərində anadan olub. 1990-cı ildə valideynləri ilə birlikdə İsrailə qayıdıb.(TASS)
V. Quliyev