"Bentley" avtomobil modelinin 2026-cı ildə təqdim olunması planlaşdırılan ilk elektrik krossoveri növbəti sınaqlar zamanı media nümayəndələrinin kameralarına tuş gəlib. Nürburqrinqdə görüntülənən bu prototipin salonu ilk dəfə nümayiş olunub.
Reyting.az xəbər verir ki, model "Volkswagen" konserninin "Premium Platform Electric" platformasında xüsusi dizaynla hazırlanıb.
Mütəxəssislər bildiriblər ki, yeni avtomobilin interyeri böyük əyri mərkəzi ekranı ilə daha çox "Porsche Cayenne Electric"i xatırladır və salonda həmçinin fiziki iqlim idarəetmə paneli, təbii ağac, eyni zamanda da metal işləmələr yer alıb.
Məlumata görə, yeni "Bentley" elektromobillərin sifariş satışlarına 2026-cı ilin sonunda start veriləcək.
Qeyd olunur ki, ilk müştərilər öz avtomobillərini 2027-ci ildə təhvil ala biləcəklər.
"Bentley" şirkətinin təmsilçiləri bildiriblər ki, model 7 dəqiqəyə 160 kilometr yürüş üçün enerji toplayacaq. Yeni maşının ilkin qiymətinin təxminən 230 min dollar olacağı gözlənilir.




Oqtay Qorçu