Advert
Advert

Bir məktubun izi ilə…

Tarix:
 Bir məktubun izi ilə…
Reklam

Kənar yanğından evləri yararsız hala düşmüş Qasımovlar ailəsinin dərdinə çarə edəcək dövlət qurumu axtarılır 

“Reytinq” qəzetindən: Paytaxtın Keşlə qəsəbə sakini Kifayət Teymur qızı Qasımovanın redaksiyamıza ünvanladığı məktubu həm heyrətlə, həm də ürək ağrısı ilə oxuduq. Bizdən kömək uman Qasımovlar ailəsinin üzləşdiyi problemi ictimailəşdirməklə, məktubu olduğu kimi dərc etməklə məsələyə aidiyyatı şəxs və qurumlar tərəfindən əncam çəkiləcəyinə ümid edirik.  

Qasımovlar ailəsi yazır: “İyunun 4-də Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsindəki yaşayış evlərinə olduqca yaxın tikilmiş anbarlarda yanğın oldu. Yanğın söndürülərkən ətrafda olan 5 mənzilə qismən zərər dəydi. Anbarlara ən yaxın olan bizim yaşadığımız 55 nömrəli mənzilin isə damı tamamilə dağıldı. Həm hadisə vaxtı axan sulardan, həm də növbəti günlər yağan leysan yağışlardan evimizin divarları, döşəməsi, eləcə də bütün əşyalarımız yararsız hala düşdü. Təzəlikcə əsaslı təmir etdirdiyimiz evdə yaşamaq mümkün olmadığından yeni dünyaya gələn nəvəmi qohumlarımın evinə köçürdük. Digər ailə üzvlərimiz isə qəzalı evdə gecələməyə məcburuq.

Hadisədən sonra anbarın sahibini (Cəfərov Roman) axtardıq. Onun oğlu Fuad Cəfərov dəymiş ziyanın hamısının ödəniləcəyini dedi və şikayətçi olmamağımı tövsiyə etdi. Sonra onların adamları evimizə gəldilər, baxdılar, yaşayışın mümkün olmadığını təsdiqlədilər. O vaxtdan həyətimizə yalnız dam örtüyü materialının müəyyən hissəsini gətiriblər. Oğlum Seymur yenidən Fuadla əlaqə saxladı ki, niyə bizim evi təmir etdirmirsiniz? Bu dəfə cavab fərqli oldu. Fuad deyib ki, biz dam örtüyünü dəyişdirəcəyik, digər məsələlərlə bağlı şikayətinizi Fövqəladə Hallar Nazirliyinə bildirin. Evinizin o hala düşməsinin səbəbkarı biz deyilik. 

Hörmətli redaksiya. Düşdüyümüz çətin vəziyyəti nəzərə alıb bizə köməklik göstərməyinizi xahiş edirəm.

Qasımova Kifayət Teymur qızı    

Nizami rayonu, Keşlə qəsəbəsi Abdulla Mirzəyev küçəsi, mənzil 55". 

***

Zəruri izahat: Kifayət xanımla əlaqə saxladıq. Onun dediklərindən belə məlum olur ki, hasarın bir üzündə anbar, o biri tərəfində yaşayış binaları olub. Hadisə baş verən günü Nizami Rayon İcra Hakimiyyətinin, rayon polis idarəsinin, rayon prokurorluğunun, yanğından mühafizə idarəsinin, ərazi bələdiyyəsinin və digər idarələrin nümayəndələri anbar tərəfdən gəlib, çeşidli hesabatlarını hazırlayıb gediblər. Hasarın o biri üzünə - insanların yaşadığı tərəfə heç kəsin ayağı dəyməyib. Əgər getsəydilər, bu gün göyün üzünə qara buludlar bürüyəndə, sinoptiklər yağış proqnozunu verəndə Qasımovların damarlarından qara qanlar axmazdı. Ömrünün ixtiyar çağını yaşayan Kifayət xala ilk dəfə başdan-başa təmir etdirdiyi evinə həsədlə baxmazdı. Ailə üzvləri qırxı yenicə çıxmış körpələrinin dünyaya gəlişinə doyunca sevinməmiş, talelərinə acımazdı. 

Bəlkə də biz yanılırıq, onlar soruşublar ki, qonşuluğumuzdakı evlərə ziyan dəyibmi? Anbar sahibi Qasımovlara yalan dediyi kimi, onlara da dəyən ziyanın ödəniləcəyini vəd edib. Bu binəvalar da arxayın idarələrinə, evlərinə gediblər.

Durduğun yerdə işə düşmək buna deyirlər. Dinc oturduğun yerdə mənzilini uçurur, sonra da deyir mən günahsızam. 

P.S. “Reyting.az” olaraq sualımızı həm anbarın müdirinə, həm ərazi üzrə bələdiyyəyə, həm Nizami Rayon İcra Hakimiyyətinə, həm də Fövqəladə Hallar Nazirliyinə ünvanlayırıq: vətəndaş qarşısında borcunuzu, xidməti vəzifənizi yerinə yetirməyinizdən ötrü növbəti yanğın hadisəsini gözləyirsiniz?  

Y. Qacar
Reyting.az
 

Reklam