Ölkələr üzrə atom energetikasının perspektivi real güc baxımından tez-tez dəyişir. Yeni infoqrafikaya əsasən, Çin yaxın illərdə bu sahədə lider olmağa iddialıdır. Ölkənin son illərdə həyata keçirilən və planlaşdırılan layihələri nəzərə alındıqda, ümumi nüvə enerji gücünün təxminən 186 min meqavata çatacağı gözlənilir. Bu göstərici isə Çinin yaxın zamanda dünya lideri olan ABŞ-ı geridə qoyacağı anlamına gəlir.
Reyting.az xəbər verir ki, hazırda enerji gücünə görə ABŞ 102 475 meqavatla birinci, Fransa isə ikinci yerdə qərarlaşıb. Çin bu siyahıda 60 898 meqavatla üçüncü pillədə yer alır.
Qeyd olunur ki, yeni enerji bloklarının sürətlə istismara verilməsi Çinin yaxın gələcəkdə liderliyə yüksələcəyini göstərir. Bu statistika Asiya nəhənginin əsas rəqiblərini narahat etməyə başlayıb.
Yeni proqnozlara görə, yaxın perspektivdə Çin 185 812 meqavatla birinci, ABŞ 117 910 meqavatla ikinci, Fransa isə 75 590 meqavatla üçüncü olacaq. Rusiyanın isə 60 800 meqavatla dördüncü sırada qərar tutacağı proqnozlaşdırılır.
Ekspertlərin fikrincə, nüvə enerjisinin genişlənməsi bu ölkələrin enerji təhlükəsizliyini artırmaqla yanaşı, idxal olunan yanacaqlardan asılılığını da azaldır.
Son hesabatlara əsasən, hazırda dünya üzrə elektrik enerjisinin təxminən 10 faizi atom elektrik stansiyalarında istehsal olunur.

Oqtay Qorçu