Səudiyyə Ərəbistanı "Neom" layihələri ilə bağlı müqavilələri ləğv etməyə başlayıb. Səudiyyə Ərəbistanında uzun müddətdir həyata keçirilən "Neom" meqalayihələri çərçivəsində bir sıra böyük müqavilələrin ləğv olunması ilə bağlı xəbərlər öz təsdiqini tapıb. Həmin qərarlar "Trojena" xizək kurortuna və "The Line" adlı futuristik şəhər layihəsinə də aiddir.
Reyting.az-ın məlumatına görə, yerli media yazır ki, Səudiyyə Ərəbistanının çox yaxın gələcəkdə fəxri olacağı gözlənilən bu nəhəng layihə - "Güzgü Xətti" adı verilən şəhər tikintisi planı demək olar, fiaskoya uğrayıb.
Məlumatlara əsasən, gözlənilməz problemlər və "Eversendai Trojena" metal konstruksiya müqaviləsinin dayandırılması, həmçinin "Webuild" şirkətinin ərazidə süni göl üçün nəzərdə tutulan böyük bəndlərin inşası müqaviləsindən qəfil imtina etməsi açıqlandıqdan sonra layihənin reallaşması təhlükə altına düşüb.
Layihədə iştirak edən Cənubi Koreyanın ən nüfuzlu tikinti şirkəti kimi tanınan "Hyundai Engineering and Construction" təmsilçiləri də açıqlama veriblər. Şirkət "The Line" layihəsində tunel inşası ilə bağlı ikitərəfli böyük müqavilənin artıq ləğv edildiyini, Səudiyyə Ərəbistanını tezliklə tərk edəcəklərini bildirib.
Mütəxəssislər bu cür gözlənilməz addımları maliyyə problemi deyil, tikinti layihələrinin icra tempinin zəifləməsi ilə əlaqələndiriblər.
"Güzgü Xətti" ("The Line") adlı bu nəhəng meqalayihə üçün əvvəl nəzərdə tutulan 1,5 milyon nəfərlik əhalinin sayı da azaldılıb və bu rəqəm 300 minə endirilib. Bu isə Səudiyyə Ərəbistanının nəhəng tikinti layihəsi sayılan "Neom" ilə bağlı çox ciddi çətinliklərin olduğunu göstərir.
Oqtay QORÇU