Britaniyanın "British Petroleum" (BP) neft-qaz korporasiyası Qazaxıstan və Türkmənistandan qazın Azərbaycan ərazisi ilə Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə ixracı üçün nəzərdə tutulan yeni enerji marşrutunun yaradılmasında iştirak etməyə hazırdır.
Reyting.az xəbər verir ki, bunu "BP Azerbaijan" şirkətinin baş geoloqu Bağır İbrahimov deyib.
Onun sözlərinə görə, martın sonunda BP-nin regional rəhbərliyi "Azərbaycan-Qazaxıstan-Türkmənistan" enerji dəhlizinin yaradılmasında Qazaxıstanın mühüm rolunu təsdiqləyib.
"BP Azərbaycanda topladığı təcrübəni sinxronlaşdırılmış infrastrukturun qurulmasında tətbiq etməyi planlaşdırır. Nəticədə Qazaxıstan və Türkmənistandan qazın Xəzər dənizi vasitəsilə nəql edilməsi və sonradan Cənub Qaz Dəhlizinə (CQD) qoşulması mümkün olacaq", - B.İbrahimov vurğulayıb.
İbrahimovun qiymətləndirməsinə görə, 2030-cu ilə qədər bu dəhliz Avropaya enerji tədarüklərinin şaxələndirilməsi üçün mühüm vasitələrdən birinə çevrilə bilər, üstəlik Qazaxıstan hasilatın əhəmiyyətli hissəsini təmin etmək potensialına malikdir.
B. İbrahimov xatırladıb ki, Qazaxıstanın "KazMunayQaz" (KMQ) milli şirkəti və "BP Exploration Operating Company Limited" Qazaxıstanın Mangistau vilayətində yerləşən perspektivli "Üstyurt" blokunun geoloji kəşfiyyatı və işlənməsi sahəsində əməkdaşlığa dair saziş imzalayıb.
Geoloq qeyd edib ki, dəhlizin inkişafına töhfə verən elementlərdən biri BP və "KazMunayQaz"ın Qazaxıstanın resurs bazasının artırılması üzrə birgə fəaliyyəti olacaq.
"Layihə Qazaxıstanın qərbindəki Üstyurt hövzəsində - ilkin qiymətləndirmələrə görə, böyük həcmdə kəşf edilməmiş qaz ehtiyatlarının cəmləşdiyi regionda genişmiqyaslı geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur. Çoxillik proqram 2D və 3D seysmik tədqiqatların aparılmasını, həmçinin 2026-2029-cu illər ərzində bir sıra dərin kəşfiyyat quyularının qazılmasını əhatə edir", - geoloq əlavə edib.(Report)