Böyük Britaniyaya məxsus 5 "Astute" sinifli atom sualtı qayığı texniki xidmət və təmir səbəbindən limanlarda saxlanılır.
Reyting.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazıb.
Keçmiş sualtı qayıq komandiri Rayan Remsi bildirib ki, bu, ölkənin imicinə zərbə vuran bir vəziyyətdir, üstəlik, dövlətin müdafiə imkanlarını zəiflədir və Rusiyaya qarşı çəkindirici təsirləri azaldır.
Onun sözlərinə görə, problem illərdir yığılıb və həlli dəfələrlə təxirə salınıb ki, bunun da ən böyük məsuliyyətini aidiyyəti qurumlar daşıyır.
"Astute" modelli atom sualtı qayıqlar Böyük Britaniyanın digər bir nüvə silahını daşıyan "Vanguard" tipli sualtı qayıqların, "HMS Queen Elizabeth" və "HMS Prince of Wales" modelindən olan böyük aviadaşıyıcıların qorunmasında da mühüm rol oynayır.
Etibarlı mənbələrin "The Telegraph" nəşrinə verdikləri məlumatlarda xüsusi vurğulanıb ki, artıq uzun müddətdir donanmadakı beş qayıq müxtəlif texniki problemlərə, xidmət işləri səbəbindən hərəkətsiz qalıb və döyüş növbətçiliyinə çıxarılmır. Ekspertlər isə xəbərdarlıq ediblər ki, uzun müddət dənizə çıxmamaq ekipajların peşəkar bacarıqlarının zəifləməsinə səbəb ola bilər.
Oqtay Qorçu