“Dünyada gedən prosesləri təhlil etsək, görərik ki, supergüc iddiasında olan dövlətlər bir-birindən fərqli hərbi-siyasi strategiyalar həyata keçirir. Məsələn, Rusiya Ukraynada uzunmüddətli müharibəyə girərək öz strateji maraqlarını təmin etməyə çalışır. ABŞ isə əksinə, strateji maraqlarına mane olan gücləri zəiflətmək siyasəti yürüdür. Bunun üçün Amerika Əfqanıstan, İraq və Suriyaya müdaxilə edib. İndi isə İranla müharibə aparıb. Beləliklə, ABŞ özü üçün təhlükə saydığı faktorları zəiflədib və məqsədlərinə çatdığını düşünür”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ABŞ-ın İranla apardığı müharibəni şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İran müharibəsinin başa çatdırılması ilə bağlı qərarı var.
S. Cəlaloğlu əlavə edib ki, ABŞ qanunvericiliyinə görə, müharibə 60 gündən artıq davam edərsə, ABŞ Konqresinin razılığı tələb olunur:
“Yəni Konqres buna razılıq verməlidir. Konqresdə isə ümumi əhval-ruhiyyə müharibənin əleyhinə idi. Odur ki, Tramp 60 gün tamam olmamış müharibənin başa çatması ilə bağlı bəyanat verdi. Bu isə o deməkdir ki, artıq Konqresdə bu məsələnin müzakirəsinə ehtiyac qalmadı. Bununla yanaşı, Trampın yenidən 60 gün müddətində Konqresə müraciət etmədən müharibə aparmaq imkanı yaranır”.
ADP sədrinin qənaətincə, atəşkəsin əldə edilməsi əslində İrana qarşı daha 60 gün müddətində hərbi əməliyyatları davam etdirmək və bu müddətdə Konqresin rəyini nəzərə almamaq məqsədi daşıyır:
“Diqqət edin, “müharibə bitdi”,- deyilsə də, ABŞ və İran bir-birinə qarşı iddialarını davam etdirir. Müəyyən müddətdən sonra tərəflər arasında qısamüddətli gərginlik yenidən baş verə bilər. Sadəcə, hazırkı mərhələdə Trampın müharibənin başa çatması ilə bağlı bəyanatı Konqresin bu məsələyə müdaxiləsinin qarşısını almağa hesablanıb. Lakin 10-15 gün sonra münaqişə yenidən alovlana bilər və bu dəfə də Trampın 60 günlük səlahiyyət müddəti olacaq.
Hazırda nə ABŞ İranın, nə də İran ABŞ-ın şərtləri ilə razılaşır. Düzdür, İran müharibədə zəifləyib, rejim sarsılıb, bir sıra liderlər zərərsizləşdirilib. Bununla yanaşı, müəyyən razılaşmalar da mövcuddur. İranın əsas hədəfi Fars körfəzi üzərində təsir imkanlarını qorumaq, neftini sərbəst satmaq və dondurulmuş aktivlərini geri almaqdır. ABŞ isə İranın müəyyən mənada öz maraqlarına uyğun siyasət yürütməsini istəyir. Bu məsələdə tərəflər müəyyən uzlaşmaya gələ bilərlər. Çünki müharibənin davam etməsi heç bir tərəfin maraqlarına uyğun deyil.
Burada məqsəd maksimum qələbə qazanmaq deyil. Əsas məqsəd təhdidi zəiflətmək və onun imkanlarını məhdudlaşdırmaqdır. Trampın açıqlamalarından da görünür ki, İranın əvvəlki mövqeyinə qayıtması üçün ən azı 5-10 il vaxt tələb olunacaq. Yəni bu müharibə həm də zaman qazanmaq məqsədi daşıyırdı”,- deyə Cəlaloğlu bildirib.
Partiya sədri vurğulayıb ki, bu müharibənin məqsədi ərazi işğalı olmayıb:
“İranın suverenliyinin məhdudlaşdırılması da hədəf olmayıb. ABŞ qarşısına qoyduğu məqsədə çatıb - İran zəiflədilib. Xüsusilə atom enerjisi sahəsində həyata keçirilən iri layihələr yarımçıq qalıb, ideoloji liderlərin və hərbi rəhbərlərin bir qismi zərərsizləşdirilib. Bütün bunlar İranın özünü bərpa etməsi üçün vaxt tələb edir.
Məncə, bundan sonra genişmiqyaslı müharibə olmayacaq. Lakin lokal, nöqtəvi hücumlar istisna edilmir. Çünki İran ABŞ-ın bütün tələblərini qəbul etmir və müəyyən müqavimət göstərir. Bununla belə, ümumi mənzərə onu göstərir ki, İran bu müharibə nəticəsində zəiflədilib”.
Nemət Orucov
Reyting.az