“Ermənistandakı seçkilərin nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi partiya qalib gəlib. “Mülki Müqavilə” Partiyası parlament çoxluğunu əldə edib və təkbaşına hökumət qura biləcək”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, bu seçki təkcə Ermənistan daxilində hakimiyyət dəyişikliyi deyil, həm də regionun, xüsusilə Ermənistanın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu seçki ilk növbədə Ermənistanı Rusiyanın əlində təxminən 200 ilə yaxındır Türkiyə və Qafqaz xalqlarına qarşı istifadə olunan bir alət olmaqdan azad edir.
İkincisi, Ermənistan Cənubi Qafqaz ölkələrinin Rusiyanın təsiri altında saxlanılmasında oynadığı roldan imtina etdi. Yəni ermənilər Rusiyanın əlində yenidən alət olmaq istəmədiklərini nümayiş etdirən seçim etdilər.
Digər tərəfdən, Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı daha çox Qərb xəttinə yaxın mövqe sərgiləyir. Seçkinin əsas nəticələrindən biri də budur”.
Partiya sədrinin iddiasına görə, Rusiya Ermənistana qarşı müəyyən təzyiq və təxribatlara əl ata bilər:
“Lakin hadisələrin gedişi göstərir ki, ABŞ və Avropa Ermənistanı ciddi şəkildə dəstəkləyir. Hətta zaman-zaman Qarabağ məsələsi və Bakıda həbsdə olan separatçıların müdafiəsi kimi mövzular Qərbin Qarabağla bağlı mövqeyindən çox, Ermənistandakı anti-Qərb qüvvələrinin zəiflədilməsinə yönəlmiş addımlar kimi görünür.
Mənim fikrimcə, bundan sonra Avropa və ABŞ tərəfindən bu istiqamətdə aktiv addımların atılması gözlənilmir. Burada əsas məqsəd Paşinyanı dəstəkləmək və onun rəqiblərinin mövqeyini zəiflətmək idi. Paşinyanın əleyhdarlarının əlində əsasən iki kart var idi - Qarabağ və Bakıda həbsdə olan separatçılar. Güman edirəm ki, bu mövzular artıq əvvəlki kimi gündəmə gətirilməyəcək”.
S. Cəlaloğlu bildirib ki, Rusiya Ermənistanla bağlı siyasətini tam müəyyənləşdirə bilməyib:
“Rusiyanın ənənəvi seçkilərə müdaxilə cəhdləri və MDB ölkələrinin rəhbərlərinə təzyiq göstərmək təşəbbüsləri Ermənistanda istənilən nəticəni vermədi.
Ermənilər üçün ən böyük itki Qarabağ idi. Bundan sonra onların itirəcəyi çox az şey qaldı. Buna görə də, hərbi müstəvidə itirdiklərini siyasi müstəvidə kompensasiya etməyə çalışdılar. Bu da Ermənistanın real müstəqilliyə doğru addım atması deməkdir.
Paşinyan Rusiya siyasətinin mahiyyətini Ermənistan rəhbərləri arasında ən yaxşı anlayan, ölkəsinin təhlükəsizliyinin Türkiyə və Azərbaycanla mehriban qonşuluqdan keçdiyini dərk edən liderdir. O, həmçinin Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarının real olmadığını qəbul edir”.
ADP sədrinin fikrincə, bundan sonra Ermənistan Qərbin daha ciddi dəstəyi ilə inkişaf edə bilər:
“TRIPP dəhlizinin istifadəsi ilə bağlı artıq mühüm qərarlar qəbul olunub. Ermənistan həm Rusiyadan, həm də İrandan gələn təhdidləri müəyyən dərəcədə neytrallaşdıra biləcək”.
Cəlaloğlu əlavə edib ki, əvvəllər Ermənistanın Rusiyanın təsirində qalması Azərbaycan və Türkiyədən gələn təhdidlərlə izah edilirdi: “Amma indi belə təhdidlər yoxdur. Buna görə də ermənilər real müstəqillik yolunu seçiblər. Bu baxımdan Ermənistandakı seçkilər region üçün mühüm hadisə sayıla bilər”.
Nemət Orucov
Reyting.az