Çin 25 il əvvəl qlobal ticarətdə əsas qüvvə sayılan ABŞ-ı üstələyərək hazırda dünyanın bir çox ölkələri üçün ən böyük ticarət tərəfdaşına çevrilib.
Reyting.az xəbər verir ki, 2000-ci ilin statistikasına görə, 33 ölkə Çinlə ABŞ-dan daha çox ticarət edirdi. Üstəlik, Asiya nəhəngi ilə ticarət əlaqələri quran ölkələrin əksəriyyəti Çinə qonşu dövlətlər olmaqla yanaşı, ABŞ-la zəif və gərgin siyasi əlaqələrə malik idi.
2001-ci ildə Çinin mühüm qərar qəbul edərək Ümumdünya Ticarət Təşkilatına qoşulması bu ölkənin qısa müddətdə “dünya fabriki”nə çevrilməsinə gətirib çıxardı. Məhz bunun nəticəsində inkişaf edən Çin qlobal iqtisadi təsirini sürətlə artırdı, xammal, neft, dəmir filizi, mis və soya məhsullarına olan tələbatı təmin etməklə yanaşı, inkişaf etməkdə olan bir çox ölkələrin iqtisadi artımına da təkan verdi.
2025-ci ilin yeni statistik göstəricilərinə əsasən, artıq Çin Asiyada, Afrikada, Cənubi Amerikada və Yaxın Şərqin böyük hissəsində əsas ticarət tərəfdaşına çevrilib. Bununla belə, ABŞ bu günə qədər Şimali Amerikada üstünlüyünü qorumaqla yanaşı, Avropada təsir uğrunda Çinlə rəqabəti davam etdirir.
Analitiklər bildiriblər ki, ABŞ ilə Çin arasında ticarət rəqabətinin son illərdə daha da güclənməsi qlobal iqtisadiyyatda və siyasi arenada əhəmiyyətli dəyişikliklərin qaçılmaz olduğundan xəbər verir.

Oqtay Qorçu